REGİONLAR


Ulu öndər Heydər Əliyev həyatın mənasını xalqa və dövlətə xidmətdə görən millət fədaisi idi

Şamaxı, 7 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı xalqımızın tarixinə qızıl həriflərlə yazılıb. Bu gün bu əvəzolunmaz insanın – dahi şəxsiyyətin 99 illik yubileyini Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları qeyd edir. Ötən dövrlərə nəzər salarkən Heydər Əliyev fenomeninin böyüklüyünün, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətlərinin dəyərini daha dərindən dərk etməyə başlayırıq. Ulu öndər Heydər Əliyev, sözün əsl mənasında, həyatın mənasını xalqa və dövlətə xidmətdə görən, bu amal uğrunda ən çətin maneələrə, problemlərə sinə gərən millət fədaisi idi.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sətirlər YAP Şamaxı rayon təşkilatının ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan tədbirdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, heykəlinin önünə çiçəklər düzüblər.

Tədbirdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yığıncağı giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq Ulu Öndərin vətəni qarşısındakı böyük xidmətlərindən danışıb. Vurğulayıb ki, 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdan böyük şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, siyasi-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikamızın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatımızda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi.

Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov müasir Azərbaycan dövlətinin qurucusu və memarı Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinin sonsuz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, müstəqilliyimizin və ərazi bütövlüyümüzün etibarlı qarantı olan bugünkü güclü Azərbaycan Ordusu xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsərlərindən biridir. Bu ordu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoydu. Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur.

Yığıncağın sonunda böyük Ulu Öndərin zəngin və mənalı həyatı, çoxşaxəli fəaliyyəti və misilsiz xidmətlərindən bəhs edən film nümayış olunub.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.