REGİONLAR
Ulu öndər Heydər Əliyev müasir Azərbaycanın tarixinə qurucu və xilaskar kimi daxil olub
Naxçıvan, 13 iyun, AZƏRTAC
Bütün həyatını Azərbaycana həsr etmiş ümummilli lider Heydər Əliyev müasir tariximizə qurucu və xilaskar kimi daxil olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir AMEA Naxçıvan Bölməsində Milli Qurtuluş Gününə həsr edilmiş elmi konfransda səsləndirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycanın müasir dövrünə qızıl hərflərlə yazılan Qurtuluş Gününün əhəmiyyətindən danışıb, əlamətdar gün münasibəti ilə elm müəssisənin əməkdaşlarını təbrik edib. Bildirib ki, dahi öndərin uğurlu siyasəti sayəsində ölkəmiz dünyada tanınan nüfuzlu bir dövlətə çevrilib. Həyata keçirilən tədbirlər isə bütün sahələri əhatə edən inkişafın möhkəm təməlini qoyub.
Qeyd olunub ki, Ulu Öndərin milli maraqlara əsaslanmaqla reallaşdırdığı çoxşaxəli siyasət strategiyası bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının reallaşdırdığı uğurlu siyasət Azərbaycan dövlətçiliyinin inkişafına, eyni zamanda, ölkənin milli maraqlarının müdafiəsinə və iqtisadiyyatın inkişaf etməsinə misilsiz töhfələr verib.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Ulu öndər Heydər Əliyev və Azərbaycanın xilaskarlıq missiyası” mövzusunda məruzəsi dinlənilib.
Sonda Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov və Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov mövzu ətrafında çıxış ediblər. Qeyd olunub ki, xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin əbədiyaşarlığını təmin edib, ölkənin hərtərəfli inkişafına nail olub.