REGİONLAR
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın milli inkişaf modelinin banisidir






















Ağsu, 12 dekabr, AZƏRTAC
Azərbaycan xalqının böyük oğlu ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü Ağsuda rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də səhər saatlarında rayon rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, o cümlədən ziyalılar, ağsaqqallar və gənclər şəhərin mərkəzindəki Heydər Əliyevin adını daşıyan parka gələrək burada böyük öndərin abidəsini ziyarət edib, önünə qərənfillər düzüb, bu dahi şəxsiyyətə öz ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində keçirilən toplantıda məktəblilər Ulu Öndərə, Azərbaycana həsr olunan şeirlər söyləyiblər. İştirakçılar dahi rəhbərin həyat və fəaliyyətindən bəhs edən “Dahi şəxsiyyət” adlı sənədli filmə baxıblar.
Toplantını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açıb, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dünya durduqca yaşayacaq lider” mövzusunda məruzə edən YAP rayon təşkilatının sədri Əli Hüseynov və digər çıxışçılar böyük öndər Heydər Əliyevin öz Vətəni və xalqı qarşısındakı xidmətlərindən danışıblar. Vurğulanıb ki, müasir müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi olan dahi şəxsiyyət dövlətçiliyimizin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını elmi prinsiplər əsasında müəyyənləşdirib.
Məruzə və çıxışlarda iftixarla söylənilib ki, bu gün Azərbaycan etibarlı əllərdədir, böyük öndər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.
X X X
Minlərlə İsmayıllı sakini – İkinci Dünya müharibəsi veteranları, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, gənclər, məktəblilər, idarə, müəssisə və təşkilatların kollektivləri, icra, hüquq-mühafizə və ədliyyə orqanlarının əməkdaşları dekabrın 12-də səhər şəhərin mərkəzi meydanında Ulu Öndərin abidəsi önünə gələrək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Əzəmətlə ucalan abidənin qarşısına düzülən qərənfillər xalqın böyük öndərə sonsuz məhəbbətinin təcəssümü idi.
İnsanlar mərkəzi meydandakı monitorda nümayiş etdirilən, böyük öndər Heydər Əliyevin zəngin həyatına, ictimai-siyasi fəaliyyətinə həsr olunan sənədli filmlərə baxıblar.
Ulu Öndərin abidəsini ziyarətdən sonra mərasim iştirakçıları Heydər Əliyev Mərkəzinə gələrək, burada sərgilənən ekspozisiyalarla tanış olub, Ümummilli Liderin zəngin və son dərəcə mənalı həyat tarixçəsi barədə bilgilər alıblar.
X X X
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü Qobustan rayonunda da silsilə tədbirlərlə qeyd olunub.
Rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, o cümlədən ağsaqqallar və gənclər dekabrın 12-də Ulu Öndərin adını daşıyan parka gələrək ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyub, xalqımızın böyük oğluna öz ehtiramlarını bildiriblər.
Sonra Heydər Əliyev Mərkəzində anım mərasimi keçirilib. Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov mərasimi açaraq deyib: “Bu gün müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasından 15 il keçir. Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib və ömrünün ən möhtəşəm əsərini – müstəqil Azərbaycanı yaradaraq əbədiyyətə qovuşub”.
Yığıncaqdakı çıxışlarda Ulu Öndərin xalq qarşısındakı xidmətləri konkret faktlarla bir daha diqqətə çatdırılıb, gələcək nəsillərin Heydər Əliyev məktəbindən ölkəmizin inkişafı, xalqın rifahı naminə faydalanacağı bildirilib.
X X X
Kürdəmirdə ümummilli lider Heydər Əliyevin anım günü qeyd edilib.
Rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqqallar və gənclər, ictimaiyyət nümayəndələri səhər saatlarında Heydər Əliyev parkına gələrək Ulu Öndərin xatirəsinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin xatirəsinə həsr olunan “Dahi şəxsiyyət” mövzusunda dəyirmi masa keçirilib. Tədbir “Dahi şəxsiyyət - Heydər Əliyev” filminin nümayişi ilə başlayıb.
Dəyirmi masada YAP rayon təşkilatının sədri Ağali Kərimli “Heydər Əliyev və Yeni Azərbaycan Partiyası”, şəhər 6 saylı tam orta məktəbin direktoru Elmira Şıxəliyeva “Heydər Əliyev və Azərbaycan”, YAP rayon təşkilatı qadınlar şurasının sədri Sevda Sadıqova “Xalqına bağlanan ömür” mövzularında çıxış ediblər. Çıxışçılar ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, müstəqil Azərbaycanın quruculuğu yolundakı şərəfli mübarizəsindən ətraflı danışıblar. Vurğulanıb ki, bu gün ölkəmizdə qazanılan böyük uğurlar məhz Heydər Əliyev dühasının bəhrəsidir.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov çıxış edərək vurğulayıb ki, tarixi şəxsiyyət olan Ulu Öndərimiz bütün həyatını dövlətçiliyimiz, xalqımızın bu günü və gələcəyi naminə həsr edərək, bizə güclü, sarsılmaz, qüdrətli bir dövləti - Azərbaycanı bəxş edib.
X X X
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə dekabrın 12-də Ucar rayonunda anım mərasimləri keçirilib.
Mərasimlər Ucar şəhərində, habelə Qazıqumlaq və Çiyni kəndlərində Ulu Öndərin abidələri önündə təşkil olunub. Rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatların kollektivlərinin, şagird və müəllimlərin, ictimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri tədbirlərdə dahi rəhbərin abidəsi önünə çiçəklər qoyulub, Ümummilli Liderin xatirəsi ehtiramla yad edilib.
Anım mərasimlərində xalqımızın böyük oğlu Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafında göstərdiyi əvəzsiz xidmətlərindən danışılıb.
X X X
Dekabrın 12-də Göyçay rayon ictimaiyyəti xalqımızın ümummilli lideri Heydər Əliyevin anım gününü qeyd edib.
Mərasimdə iştirak edən rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, təhsil və səhiyyə işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar və gənclər görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb. Bütün bunlara görə xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaq.
Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan icra hakimiyyətinin başçısı Azərbaycan xalqının bu siyasəti yüksək dəyərləndirdiyini və Prezidentin ətrafında daha sıx birləşdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edənlər müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, inkişafında və dünyada tanınmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan söz açıblar.