ELM VƏ TƏHSİL
Ulu öndər Heydər Əliyev ölkə həyatının bütün sahələrinə, o cümlədən elmin inkişafına böyük diqqət yetirib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən bu elm müəssisəsinin direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva Azərbaycan xalqının həyatında Ulu Öndərin əvəzedilməz rolundan danışıb. O qeyd edib, bu il ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişinin 50 ili tamam olur, Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Ulu Öndərin adı ilə sıx bağlıdır. Bu dövr tariximizə Heydər Əliyev dövrü kimi həkk olunub.
Gövhər Baxşəliyeva Ümummilli Liderin sovetlər dövründə respublikamıza rəhbərlik etdiyi illərdə gördüyü işlərdən söz açıb. Bildirib ki, Ulu Öndər müstəqilliyin ilk ağır illərində hakimiyyətə qayıdaraq böyük müdrikliyi ilə apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizi bütün çətinliklərdən xilas edib, onun inkişafının əsasını qoyub, Azərbaycanda dünyəvi, hüquqi, demokratik dövlət qurub.
G.Baxşəliyeva dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının müstəqilliyi, dövlətçiliyimizin inkişafı yolunda mühüm xidmətlərindən də danışıb. “Azərbaycanın müstəqilliyinin bərpası, ölkəmizdə siyasi sabitliyin yaranması, Azərbaycan ideologiyasının yaranması və inkişafı, respublikamızın dünya birliyinə inteqrasiyası, nail olduğu yüksək iqtisadi inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır”, - deyə institutun direktoru bildirib.
Direktor ulu öndər Heydər Əliyevin ölkə həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söyləyib, dahi şəxsiyyətin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü AMEA-da Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladıb.
Dünya şöhrətli siyasətçi Heydər Əliyevin liderlik keyfiyyətlərinin dünya miqyasında qəbul olunduğunu deyən Gövhər Baxşəliyeva onun siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini söyləyib.
Sonra institutun Din və ictimai fikir tarixi şöbəsinin müdiri Esmeralda Həsənova, Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri Dünyamalı Vəliyev və başqaları çıxış edərək müstəqil Azərbaycan dövlətinin əsasını qoymuş Ulu Öndərin ölkəmizin inkişafı yolunda göstərdiyi xidmətlərdən söz açıblar.
Çıxış edənlər ulu öndər Heydər Əliyevin dövlətçiliyimizin memarı, ölkəmizdə sabitliyin təminatçısı olduğunu söyləyib, Ümummilli Lider 1969-cu ildə hakimiyyətə gələndən sonra respublikamızın əldə etdiyi uğurlardan danışıb, unudulmaz rəhbərin adının tarixə əbədi həkk olunduğunu qeyd ediblər.