SİYASƏT
Ulu öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi
Bakı, 10 dekabr, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyəti ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirib. Tədbirdə əvvəlcə Ümummilli Liderin xatirəsinə dualar oxunub.
Anım mərasimində icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev çıxış edərək ümummilli lider Heydər Əliyevin müdrik siyasətə, dönməz əqidəyə və tarixi uzaqgörənliyə malik şəxsiyyət kimi müasir Azərbaycan dövlətinin qorunması istiqamətində atdığı addımlardan bəhs edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdriklik gətirdi. Məhz Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı.
Ulu Öndərin xalqımızın həyatında, Azərbaycan dövlətinin formalaşmasında rolundan danışan İ.Mehdiyev qeyd edib ki, Azərbaycanın hər hansı bir sahəsinə, onun keçmişinə, bu gününə və gələcəyinə baxanda Heydər Əliyev siyasətinin nəticələrini görürük. Azərbaycan dövləti və dövlətçiliyi Ümummilli Liderin şah əsəridir. Hər bir xalqın əldə etməyə çalışdığı və qazandığı başlıca sərvəti onun dövlətidir. Bu gün müasir Azərbaycan dövləti var, inkişaf edir və daha yüksək nailiyyətlər qazanır. Bu, müdrik rəhbər Heydər Əliyevin ən böyük xidmətidir. Bu gün müstəqil Azərbaycan məhz ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla irəli addımlayır, özünün sabit və davamlı inkişafı ilə bölgədə liderliyini möhkəmləndirir, dünyada nüfuzunu durmadan artırır. Bütün ömrünü xalqımızın tərəqqisinə, firavanlığına həsr edən Ulu Öndərin həyat və fəaliyyəti bizim üçün güc mənbəyidir.
İcra hakimiyyətinin başçısı vurğulayıb ki, siyasi müdrikliyinə, zəngin dövlətçilik və idarəçilik təcrübəsinə əsaslanaraq xalqı parçalanmaqdan, ölkəni məhv olmaqdan xilas edən, qısa vaxtda Azərbaycanın dünyəvi, sivil, demokratik dövlət kimi dünyada öz layiqli yerini tutmasına nail olan ümummilli lider Heydər Əliyevin nurlu xatirəsi daim xalqımızın qəlbində yaşayacaq.