REGİONLAR
Ulu öndər Heydər Əliyev özünün ən möhtəşəm əsərini – müstəqil Azərbaycanı yaradıb
Ağsu, 13 iyul, AZƏRTAC
Ağsu Rayon İcra Hakimiyyətinin və YAP Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzindəki Heydər parkında Ulu Öndərin abidəsini ziyarət edib, heykəlin önünə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətində keçirilən tədbirdə dövlət himni səsləndirilib.
İcra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov çıxış edərək Ümummilli Liderin öz xalqı qarşısında xidmətlərindən danışıb.
Tədbirdə rayon icra hakimiyyətinin müavini Sevil Mirzəliyeva “Azərbaycan tarixində Heydər Əliyev imzası” mövzusunda məruzə edib, YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynovun, şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətovun çıxışları dinlənilib. 50 il əvvəl iyulun 14-də görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçildiyi günün ölkəmizin həyatında tarixi bir gün olduğunu diqqətə çatdıran natiqlər vurğulayıblar ki, Ulu Öndər müstəqil Azərbaycan dövləti üçün bir insanın həyatı boyunca edə biləcəyi hər şeyi edib və nəhayət özünün ən möhtəşəm əsərini – müstəqil Azərbaycanı yaradıb.