SİYASƏT


Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi - müasir Sədərək

Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib

Sədərək, 2 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sədərək rayonuna səfəri zamanı deyib: “Biz güclü dövlət qururuq. Bu dövlətin təməlini ulu öndər Heydər Əliyev qoymuşdur. Onun zəhməti, yorulmaz fəaliyyəti, müdrik siyasəti nəticəsində bu gün Azərbaycan böyük zirvələri fəth etməyə nail olub”.

Sədərək rayonunun yaranması və inkişafı da ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə birinci rəhbərliyi dövründən başlayaraq sərhəd yaşayış məntəqəsinin inkişafını diqqətdə saxlayıb, 1990-1993-cü illərdə isə Sədərək işğaldan qorunub. Milli Qurtuluşdan başlanan yol müstəqillik illərində rayonu müasir yaşayış məntəqəsinə çevirib. Bu gün Heydər Əliyev siyasi xəttinə sədaqət Sədərək rayonunda davamlı inkişafı təmin edib, Heydərabad qəsəbəsində və kəndlərdə quruculuq işlərinin miqyası genişlənib, məskunlaşma artıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 2-də - ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov muxtar respublikada əhalinin rahat yaşayışı, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlərin tərkib hissəsi olaraq Heydərabad qəsəbəsində yeni yaşayış binasının inşa olunduğunu bildirib, tikinti işlərinin yüksək keyfiyyətlə başa çatdırıldığını qeyd edib. Rayonda aparılan quruculuq işləri haqqında məlumat verən Hicran Rüstəmov bundan sonra da tapşırıqların icrası üçün səylə çalışacaqlarını qeyd edib, inşaatçılar adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Sədərək rayonunda yeni yaşayış binasının istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edib, binanın tikintisində əməyi olanlara təşəkkürünü bildirərək deyib: İyulun 14-də ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 50 ili tamam olur. Ulu Öndərin ölkəmizə birinci rəhbərliyi dövrünün nəticəsi olaraq Azərbaycan müstəqil dövlətə çevrildi. Müstəqilliyin ilk illərində Azərbaycanın Ümummilli Liderimizin siyasi xəttindən uzaqlaşması faciələrə səbəb oldu. Ulu Öndərin xalqın tələbi ilə yenidən ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra isə bütün sahələrdə inkişaf təmin edildi, müstəqilliyimiz qorundu, Azərbaycan güclü və qüdrətli dövlətə çevrildi. Bu gün ölkə Prezidenti Ümummilli Liderimizin siyasi xəttini uğurla davam etdirir. Nəticə isə ondan ibarətdir ki, işğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonunda hər cür şəraiti olan 48 mənzilli yeni yaşayış binası istifadəyə verilir. Bu, ölkəmizin inkişafının, dövlətin vətəndaşlara qayğısının, ən əsası isə dövlət-xalq birliyinin göstəricisidir.

Qeyd olunub ki, yeni yaşayış binasının ilk sakinləri də dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Həmin şəxslərin mənzillərlə təmin olunması həm də dövlətin bu kateqoriyadan olan insanlara qayğısının təzahürüdür. Çünki ölkəmizdə sosial sahənin inkişafı daim diqqətdə saxlanılır. Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş, sağlamlığını itirmiş şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Dövlətçilik yolunda öz xidməti borclarını layiqincə yerinə yetirmiş şəxslərə göstərilən qayğı, eyni zamanda digər vətəndaşlar üçün də nümunədir.

Ali Məclisin Sədri deyib: Ötən dövrdə həyata keçirilən tədbirlər rayonun simasını tamamilə dəyişmiş, Sədərək müasir və abad yaşayış məntəqəsinə çevrilmişdir. Sədərək rayonunun inkişafına, abadlaşmasına bundan sonra da diqqət yetirilməlidir. Yaşayış binasının tikilməsində məqsəd də ondan ibarət idi ki, həm ailələr rahat yaşasın, həm də Sədərəyin bərəkətli torpaqları qorunub gələcək nəsillərə çatdırılsın.

Ali Məclisin Sədri yaşayış binasının istifadəyə verilməsi münasibətilə bir daha sakinləri təbrik edib, onlara yeni mənzillərində rahat və firavan həyat arzulayıb.

Heydərabad qəsəbə sakini, ziyalı Sultan Rzayev minnətdarlıq edərək deyib: “Sədərək son illər kompleks inkişaf edib. Rayonda icbari tibbi sığortanın tətbiqi sakinlərin sağlamlığının daha etibarlı qorunmasına şərait yaradıb. Mədəniyyət Sarayında insanların asudə vaxtları səmərəli təşkil olunur. Bu gün yeni yaşayış binasının istifadəyə verilməsi isə tarixi hadisədir. Çünki bina Ulu Öndərimizin Azərbaycanda rəhbərliyə gəlişinin 50-ci ildönümü ərəfəsində istifadəyə verilir. Sakinlər daim bu günü xatırlayacaqlar. Heydərabad qəsəbəsi Ulu Öndərin rəhbərliyi ilə yaradılıb. İşğalçı ölkənin ötən əsrin 90-cı illərində Sədərəyə hücumu zamanı dağılan evlər yenidən qurulub, yeni binalar tikilib. Sərhəd bölgəsi Sədərəkdə 48 mənzilli yaşayış binasının tikilməsi düşmənə göz dağı, bizə sevincdir. Bu, muxtar respublikada Ulu Öndərin siyasi xəttinin uğurla davam etdirilməsinin nəticəsidir:

Ulu Öndər yolu haqqın yoludur,

Xalqın istəyidir, xalqın yoludur.

Bu yol sülhün, azadlığın yoludur,

Neçə kənd əməyi, şəhər əməyi,

Bu millət unutmaz Heydər əməyin.

Qanımız bayrağı göyə qaldırdı,

Vətənin yolunda çıraq yandırdı.

Neçə kənd saldırdı, şəhər saldırdı,

Neçə kənd əməyi, şəhər əməyi,

Bu millət unutmaz Heydər əməyin.

Sədərəklilər bundan sonra da Ulu Öndərin yolu ilə gedəcək, rayonumuz inkişaf edəcək, qəsəbəmiz şəhərə çevriləcəkdir”.

Sonra binaya baxış olub. Məlumat verilib ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən ibarət olan bina 48 mənzillidir. Mənzillərdən 24-ü üçotaqlı, 24-ü isə ikiotaqlıdır. Üçotaqlı mənzillərin ümumi sahəsi 86 və 97, ikiotaqlı mənzillərin ümumi sahəsi isə 63 və 75 kvadratmetrdir. Fərdi istilik sistemi ilə qızdırılacaq mənzillərdə müasir kommunal məişət şəraiti yaradılıb, mərkəzləşdirilmiş antena sistemi və 2 lift quraşdırılıb.

Binanın həyətində abadlıq işləri görülüb, istirahət guşəsi yaradılıb, müasir işıqlandırma və suvarma sistemləri qurulub.

Sosial himayəyə ehtiyacı olanlara mənzillər 
təqdim olunub

İyulun 2-də Sədərək rayonunda 1 şəhid ailəsinə, sağlamlıq imkanları məhdud 2 Azərbaycan Vətən Müharibəsi iştirakçısına və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən 1 nəfərə yeni mənzillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək deyib ki, muxtar respublikada Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi zamanı sağlamlıq imkanları məhdudlaşmış şəxslərin və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindədir. 2019-cu ilin ötən dövründə müvafiq kateqoriyalı 363 nəfərin bərpa mərkəzlərində müalicələri təşkil edilib, 150 şəxsə sanatoriya və müalicə pansionatlarına göndəriş verilib, 8 ailəyə mənzil, 8 nəfərə minik avtomobili təqdim olunub. Sərhəd yaşayış məntəqəsi olan Sədərəkdə müvafiq kateqoriyadan olan insanlara yeni mənzillərin verilməsi də göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mənzillə təmin olunanları təbrik edib, onlara rahat və firavan həyat arzulayıb, mənzillərin orderlərini təqdim edib.

Mənzillə təmin olunan şəhid anası Dilbər Hüseynova, Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında iştirak edən Qəzənfər Həmzəyev, Azərbaycan Vətən Müharibəsi veteranları Rəhim Salmanov və Ramazan Adnayev göstərilən qayğıya görə müharibə veteranları və şəhid ailələri adından Ali Məclisin Sədrinə minnətdarlıq ediblər.

Hər biri 3 otaqdan ibarət olan mənzillər tam təmir olunub, istilik sistemi quraşdırılıb.

Azərbaycan Vətən Müharibəsi veteranları Ramazan Adnayevin və Rəhim Salmanovun ailə üzvləri Mahirə Adnayeva və Güllü Salmanova minnətdarlıq ediblər. Mahirə Adnayeva deyib: “Dünyanın heç bir ölkəsində müharibə veteranlarına, şəhid ailələrinə Azərbaycanda olduğu qədər qayğı göstərilmir. Həyat yoldaşım Ramazan Adnayevə bir neçə il bundan əvvəl avtomobil təqdim olunub. Bu gün isə mənzil sahibi olduq. Dövlətin qayğısı bizi daha da ruhlandırır. Bundan sonra da dövlətimizin inkişafı və tərəqqisi yolunda səylə çalışacağıq”.

Dövlət qurumları üçün müasir iş şəraiti yaradılıb

Yeni istifadəyə verilən binada Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik, Heydərabad bələdiyyəsi və Sədərək rayon Gigiyena və Epidemiologiya Mərkəzi üçün iş otaqları ayrılıb, xidmət mərkəzi fəaliyyətə başlayıb.

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün 4 iş otağı ayrılıb, kitabxana və iclas zalı istifadəyə verilib. Minə yaxın bədii ədəbiyyatla təmin olunmuş kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılıb.

Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 5 otaq, bakterioloji laboratoriya və anbardan ibarətdir. Mərkəz lazımi avadanlıqlarla təmin olunub, fəaliyyətin təşkili üçün hərtərəfli şərait yaradılıb.

Kollektiv adından minnətdarlıq edən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Yusif Zeynalov əvvəllər lazımi şəraiti olmayan binada fəaliyyət göstərdiklərini qeyd edib, yaradılan şəraitin məsuliyyətlərini daha da artırdığını bildirib.

Ali Məclisin Sədri torpaqlardan səmərəli istifadə olunması, sərhəd bölgəsində gigiyena və epidemioloji tədbirlərin, xüsusilə dezinfeksiya işlərinin diqqətdə saxlanılması barədə tapşırıqlar verib.

Xidmət mərkəzində ərzaq mağazası, bərbərxana və gözəllik salonu, pinəçi dükanı, dərzi fəaliyyət göstərəcəkdir. Bütün xidmət sahələri lazımi avadanlıqlarla təmin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.