SİYASƏT
Ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirmişdir

Zaqatala, 14 iyun (AZƏRTAC). 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Zaqatala şəhərində keçirilən bayram tədbirinin iştirakçıları əvvəlcə müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin mədəniyyət və istirahət parkında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbir 1993-cü ilin iyun hadisələrindən bəhs edən sənədli filmin nümayişi ilə başlanmışdır.
Tədbirdə “Vətən, Qurtuluş günün mübarək!” mövzusunda məruzə dinlənilmişdir. Qeyd olunmuşdur ki, hər bir xalqın tarixində böyük əhəmiyyət daşıyan elə günlər var ki, onun gələcək həyatını müəyyən edən böyük başlanğıcın əsası məhz həmin günlərdə qoyulur. Bu baxımdan tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 15 iyun böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqına arxa və dayaq olan dahi şəxsiyyət – ümummilli lider Heydər Əliyevdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev tarixi qayıdışı ilə xilaskarlıq missiyasını ləyaqətlə yerinə yetirmişdir. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur.
Vurğulanmışdır ki, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ikinci dəfə Azərbaycanın idarəçilik sükanı arxasına keçdikdən sonra üzləşdiyi bütün çətinliklərə, maneələrə, dövlət çevrilişi cəhdlərinə sinə gərərək xalqımızı qardaş qırğınından, vətəndaş qarşıdurmasından, müstəqilliyimizi itirmək təhlükəsindən xilas etmiş, müasir tariximizə dövlətçiliyimizin xilaskarı, banisi və qurucusu kimi daxil olmuşdur.
Tədbirin sonunda Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzində keçirilən şeir və mahnı müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.
Əlamətdar gün münasibətilə həmin gün Heydər parkında rayonun incəsənət ustalarının iştirakı ilə bayram konserti təşkil edilmişdir.