ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevə həsr olunmuş “Missiya” kitabının təqdimatı olub

Bakı, 14 yanvar, AZƏRTAC

Yanvarın 14-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynovanın ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Missiya” kitabının təqdimatı keçirilib.

Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi akademik İsa Həbibbəyli, elmi məsləhətçisi tarix üzrə elmlər doktoru, professor Cəfər Cəfərov, rəyçiləri filologiya üzrə elmlər doktorları Himalay Qasımov və Buludxan Xəlilovdur.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə açan universitetin rektoru, professor Cəfər Cəfərov ömür yolu və siyasi fəaliyyəti ilə Azərbaycan tarixinə şanlı səhifə yazan, “iki ictimai-siyasi quruluşda Azərbaycana rəhbərlik edən” Heydər Əliyevin Azərbaycan iqtisadiyyatını möhkəmlətdiyini, onun şöhrətini, nüfuzunu yüksəklərə qaldırdığını tarixi faktlar və təkzibedilməz dəlillərlə oxucuya çatdırılmasında “Missiya” kitabının rolunu yüksək qiymətləndirib. Qeyd edib ki, professor Mahirə Hüseynova həyatın bütün sahələrində Ümummilli Liderin fəaliyyətini dialektik vəhdətdə götürür. Müəllif bir siyasi rəhbər kimi Heydər Əliyev strategiyasının uğurunu onun əvvəl dövlət yaratmasında, daha sonra mənəvi dəyərlərimizi uca tutmasında görür. Rektor filologiya və tarix sahəsində sanballı elmi elitanın dəstəyi ilə ərsəyə gəlmiş kitabda müəllifin Ulu Öndərin postsovet dövrü ictimai-siyasi fəaliyyətinə, onun xüsusilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin tanıdılmasında xidmətlərinə zəngin erudisiya ilə yanaşmasını xüsusi qeyd edib.

Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov milli ideologiyamızın yaranması və formalaşmasında böyük xidmətləri olan Ulu Öndərin ictimai fəaliyyətinə müəllifin dərindən bələd olduğunu qeyd edib. O, “Missiya” kitabında Ümummilli Liderin siyasi fəaliyyətini Azərbaycanın tarix boyu müstəqillik mübarizəsi ilə müqayisə edilməsini, milli ruhun yüksəlişinin, xalqımızın illərdən bəri qəlbində yaşatdığı milli dövlətçilik ideyasının milli azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə çevrilməsində mühüm zəmin olması qənaətini müəllifin yüksək elmi potensialı və erudisiyası kimi qiymətləndirib.

ADPU-nun Yeni Azərbaycan Partiyası təşkilatının sədri, professor Himalay Qasımov çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı fəaliyyətinə Mahirə Hüseynovanın elmi-metodoloji yanaşmasına münasibət bildirib. Himalay Qasımov qeyd edib ki, dünya türklərinin lideri sayılan Heydər Əliyev təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənməyib, müasir türk xalqlarını yaxınlaşdırmaq, onların arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görüb. Bu mənada Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi birinci dönəmdə olduğu kimi, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə də ana dilinin qorunub saxlanılması ilə yanaşı, onun inkişafı məsələsinə xüsusi önəm verməsi əsərin yüksək məziyyətlərindən sayılır.

Tədbirdə professorlar Zahid Xəlil, Yaqub Babayev, Elman Quliyev, dosentlər Nazilə Abdullazadə, Bilal Həsənli çıxış edərək Ulu Öndərsiz yaşadığımız bir dövrdə Heydər Əliyevin xalqına həsr olunmuş həyat yolunun hələ çox səhifələrinin araşdırılmasına, hərtərəfli öyrənilməsinə, siyasi-ictimai fəaliyyətinin ayrı-ayrı məqamlarının işıqlandırılmasına ehtiyac olduğunu bildiriblər. Vurğulanıb ki, Mahirə Hüseynovanın “Missiya” kitabı Ümummilli Liderin şəxsiyyəti və ruhu qarşısında fədakar xidmətin bariz nümunəsidir.

Mahirə Hüseynova tədbir iştirakçılarına və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə minnətdarlığını bildirib, Ulu Öndərin şəxsiyyətinə mənəvi borcun və ehtiramın bariz nümunəsi olan bu kitabın faydalı olacağına inandığını vurğulayıb.

Sonda tədbir iştirakçılarına müəllifin imzası ilə “Missiya” kitabı hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.