SİYASƏT
Ulu öndər Heydər Əliyevin 96 illiyi ilə əlaqədar Niderlandda anım tədbiri təşkil edilib
Bakı, 10 may, AZƏRTAC
Azərbaycanın Niderlanddakı səfirliyində ulu öndər Heydər Əliyevin 96 illiyi ilə bağlı anım mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a səfirlikdən məlumat verilib.
Tədbirdə çıxış edən müvəqqəti işlər vəkili Cəlal Mirzəyev Ümummilli Liderin həyat və fəaliyyəti, Azərbaycanın rəhbəri olduğu dövrdə gördüyü davamlı quruculuq işləri, dövlət müstəqilliyinin qorunub saxlanması və siyasi böhranın aradan qaldırılması sahəsindəki əvəzsiz xidmətləri, ölkə iqtisadiyyatının sürətli inkişafı və neft gəlirlərinin insan kapitalına yönəldilməsi sahəsindəki ardıcıl nailiyyətləri, Azərbaycanın sosial, iqtisadi, mədəni inkişafında həyata keçirdiyi uğurlu islahatlar haqqında ətraflı məlumat verib. O, dahi şəxsiyyətin Azərbaycan xalqının yaddaşında unudulmaz iz buraxdığını qeyd edib.
Diplomat vurğulayıb ki, 1993-cü ilin iyununda hakimiyyətə qayıdanda Heydər Əliyevə dağılmış bir ölkə miras qalmışdı. Lakin Heydər Əliyev ümummilli lider olaraq xilaskarlıq missiyası ilə Azərbaycana qayıtdı və məhz onun davamlı fəaliyyəti sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən sabit bir dövlətə çevrildi. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil xarici və daxili siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Niderlandda fəaliyyət göstərən diaspor təşkilatlarının nümayəndələri – Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Niderland–Azərbaycan Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyeva ulu öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolu və xalqımız qarşısındakı misilsiz xidmətləri, habelə xaricdə mütəşəkkil Azərbaycan diasporunun yaradılmasındakı uzaqgörən fəaliyyəti ilə bağlı məruzələr ediblər.