REGİONLAR
Ulu öndər Heydər Əliyevin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib
Ağdam, 12 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində olan Ağdam rayonunda da dərin hörmət və ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dekabrın 12-də Ümummilli Liderin Quzanlı qəsəbəsindəki abidəsi minlərlə insanın ziyarətgahına çevrilib. Ağdamlılar dahi şəxsiyyətin abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər. Mərasimə gələnlər - YAP rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının əməkdaşları, əmək kollektivləri, ziyalılar, ağsaqqallar, veteranlar, gənclər, rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyətə sonsuz sevgi və ehtiramlarını bildirərək, ruhu qarşısında baş əyib, Ulu Tanrıdan ona rəhmət diləyib, haqqında iftixar hissi ilə söz açıblar. Bildirilib ki, on beş il öncə əbədiyyətə qovuşan Heydər Əliyevin əziz xatirəsi ağdamlıların qəlbində daim yaşayacaq, heç vaxt yaddaşlardan silinməyəcək.
Həmin gün Ağdam Dövlət Dram Teatrında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. İştirakçılar, həmçinin teatrın kollektivinin hazırladığı kompozisiyaya baxıblar.