RƏSMİ XRONİKA


Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir

Bakı, 11 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi, mayın 10-da “Buta” sarayında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və Latviyanın birinci xanımı Lilita Zatlere xatirə şəkli çəkdirdilər.

Dövlət və hökumət nümayəndələrinin, xarici ölkələrdən dəvət olunmuş nüfuzlu qonaqların iştirak etdikləri tədbir ümummilli lider Heydər Əliyevin şərəfli ömür yolunun müxtəlif anlarını əks etdirən fotoxronikanın nümayişi ilə başladı.

Mərasimdə Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva çıxış etdi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çıxışı

- Möhtərəm cənab Prezident!

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hər il mayın 10-da olduğu kimi, bu il də Heydər Əliyev Fondu tərəfindən hazırlanmış ənənəvi mərasimdə Sizi səmimi qəlbdən salamlayıram. Mərasimdə iştirak etmək üçün ölkəmizə gələn bütün qonaqlara Azərbaycana “Xoş gəlmisiniz” deyirəm və bu axşam bizimlə olduğunuza görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Bu il Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan dünya xəritəsində müstəqil ölkə kimi yalnız 20 ildir ki, mövcuddur. 20 il tarixi baxımdan uzun bir dövr deyildir. Lakin bu 20 il ərzində ölkəmiz böyük uğurlar əldə edib. Bu gün Azərbaycan müxtəlif sahələrdə rekord inkişaf tempini nümayiş etdirən, regionda lider olan, dünyanın aparıcı dövlətləri ilə partnyor əlaqələri quran, beynəlxalq arenada nüfuza malik olan bir dövlətdir. Bu gün Azərbaycan güclü, qarşısına istənilən məqsədləri qoyub həll etməyə qadir olan və gələcəyə ümidlə baxan dövlətdir.

Yaxın keçmişimizə nəzər salsaq, qeyd etməliyik ki, bu günümüzə gətirən yol heç də asan və hamar olmayıb. Bu yolda problemlərimiz, çətinliklərimiz, ağrılarımız kifayət qədər olub. Arxada qalan illərin hər birinə müraciət edərək biz müasir tariximizin hər bir səhifəsində dahi şəxsiyyət, böyük insan Heydər Əliyevin silinməz izini görürük. Onun bizimlə olub-olmamasından asılı olmayaraq, bu 20 il ərzində reallaşan hər bir layihədə, əldə edilən hər bir uğurumuzda ulu öndərin böyük payı vardır.

Müstəqilliyimizin ilk illərini xatırlayaq. Ölkəmizdə hökm sürən ağır böhranın müxtəlif səbəbləri var idi və mən bu axşam onları sadalamaq istəməzdim. Qısa söyləsəm, sanki biz işıqdan məhrum olmuşduq. Şəhərlərimizin işıqları söndüyü kimi, daxilimizdə ümid çıraqlarımız sönmüşdü. İşığı, nuru, ümidi bizə Heydər Əliyev qaytardı. O, ölkəni böyük bəlalardan xilas etdi və Azərbaycan xalqına güvənərək yeni, müasir tariximizin ilk səhifələrini yazmağa başladı. Uzaq 1993-cü ildə heç də hamı inanmırdı ki, gün gələcək və Heydər Əliyevin bütün arzuları, planları, ideyaları reallaşacaqdır. Bütün çətinliklərə baxmayaraq, o, Azərbaycanın neft strategiyasını uğurla reallaşdırdı və onunla da gələcək qələbələrimizin, nailiyyətlərimizin təməlini qoydu.

Bu gün böyük insan Heydər Əliyevin ömür yolu hər birimiz üçün xalqa, Vətənə xidmət etməyin rəmzinə çevrilib. Bu gün onun ən sevimli kəlmələrindən birini - “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlməsini təkrar edərək biz onun unudulmaz xatirəsi qarşısında baş əyirik.

Əziz dostlar, bu gün, eyni zamanda, Heydər Əliyevin adını daşıyan Fond artıq 7 ildir ki, fəaliyyət göstərir. Ötən il Fond yenə də bir sıra irimiqyaslı layihələr, mühüm işlər həyata keçirib. Həmişə olduğu kimi, çalışmışıq müxtəlif sahələri - elmi, təhsili, səhiyyəni, mədəniyyəti, sosial problemləri əhatə edək.

Bu axşam Fondun fəaliyyəti haqqında ətraflı məlumat səslənəcək, film nümayiş olunacaqdır. Mən yalnız onu demək istərdim ki, bu 7 il ərzində ən böyük nailiyyətimiz, ən böyük uğurumuz Azərbaycan xalqının inamını və hörmətini qazanmağımız olub. Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki, Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, bizimlə əlaqə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram.

Əziz dostlar, mən ümidvaram ki, Heydər Əliyev Fondu tərəfindən hazırlanmış bu gözəl axşam heç birinizi biganə qoymayacaqdır. Bu axşamın təşkilində əməyi olan hər bir insana, xüsusilə də Heydər Əliyev Fondunun komandasına dərin minnətdarlığımı çatdırıram. Mən Sizə uğurlar, xoşbəxtlik, məhəbbət arzulayıram. Qoy Tanrı Azərbaycanı qorusun! Çox sağ olun!

X X X

Sonra ümummilli lider Heydər Əliyevin fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Prezident İlham Əliyev mərasimdə nitq söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

- Hörmətli xanımlar və cənablar, əziz dostlar.

Bu gün ulu öndər Heydər Əliyevin doğum gününü qeyd edərkən, əziz xatirəsini yad edərkən, bir daha onun ölməz xatirəsinə Azərbaycan xalqının dərin hörmət və ehtiramını ifadə edirəm.

Heydər Əliyev bütün dövrlərdə doğma xalqına sədaqətlə xidmət etmişdir. Ümummilli lider ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanın inkişafına çox böyük töhfələr vermişdir.

1969-cu ildə birinci dəfə Azərbaycana rəhbərliyə başlayan zaman Azərbaycan müttəfiq sovet respublikaları arasında ən geridə qalanlar sırasında idi. Demək olar ki, iqtisadiyyat inkişaf etmirdi, kənd təsərrüfatının inkişafı üçün lazımi tədbirlər görülmürdü, sənaye istehsalı isə çox aşağı səviyyədə idi. Məhz onun fəaliyyəti nəticəsində 13 il ərzində Azərbaycan Sovet İttifaqı miqyasında ən qabaqcıl yerlərə çıxa bilmişdir. Əgər o vaxt iki respublika özünü təmin edə bilirdisə, onlardan biri Azərbaycan olmuşdur. Məhz o illərdə respublikanın sosial-iqtisadi inkişafına böyük təkan verilmişdir. O illərdə sənayenin güclü və möhkəm əsasları qoyulmuşdur ki, bu gün də müstəqil Azərbaycanın sənaye potensialına bunun böyük köməyi vardır. O illərdə Azərbaycan Respublikasının bütün sahələrdə inkişafında böyük irəliləyiş əldə edilmişdir. Bir sözlə, 1970-ci illər Azərbaycan tarixində inkişaf və tərəqqi illəri kimi qalmışdır. Təbii ki, Azərbaycan müstəqil deyildi və bütün bu nailiyyətləri o vaxt Sovet İttifaqında mövcud ideoloji çərçivələr daxilində əldə etmək mümkün olmuşdur. O illərdə əldə edilmiş potensial, əlbəttə ki, müstəqilliyin bərpa edilməsindən sonra bizə kömək göstərmişdir.

Heydər Əliyev 1982-1987-ci illərdə Sovet İttifaqının ali rəhbərliyində təmsil olunmuşdur. İlk dəfə idi ki, azərbaycanlı böyük dövlətdə yüksək vəzifəyə layiq görülmüşdü. O illərdə Sovet İttifaqı Nazirlər Soveti sədrinin birinci müavini kimi o, eyni zamanda, Azərbaycanın inkişafına da böyük diqqət göstərmişdir və onun ürəyi Azərbaycanda qalmışdır. O illərdə Azərbaycanda proseslər hələ də öz axarı ilə gedirdi. Yəni, inersiya gücü o qədər möhkəm idi ki, hətta Heydər Əliyevin burada olmaması Azərbaycanın inkişafına o qədər də mənfi təsir göstərmirdi. Lakin artıq 1980-ci illərin ortalarından Azərbaycanda işlər yavaş-yavaş tənəzzülə uğramağa başlamışdır. 1987-ci ildə isə o, siyasi səhnədən gedəndən sonra Azərbaycan üçün böyük problemlər başlanmışdır.

Biz hamımız o illəri yaxşı xatırlayırıq və bilirik ki, ulu öndər siyasi hakimiyyətdən gedəndən sonra iki həftə keçməmiş erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün artıq fəal işlərə başlamışdılar. Əvvəlki illərdə onları bu əməllərdən çəkindirən məhz Heydər Əliyev amili olmuşdur.

Məhz o illərdə, 1987-ci ilin sonundan başlayaraq separatizm meyilləri gücləndi və beləliklə, Dağlıq Qarabağ münaqişəsinin başlanması üçün şərait yaradıldı. Biz hamımız yaxşı başa düşürük ki, əgər o zaman Heydər Əliyev Azərbaycanda olsaydı, heç vaxt bu münaqişə baş verməzdi və Azərbaycanın tarixi torpaqları işğal altına düşməzdi. Heydər Əliyevin ürəyi Azərbaycanla döyünürdü. Ancaq o vaxtkı sovet rəhbərliyi Heydər Əliyev amilini dərk edərək bütün imkanlardan istifadə edirdi ki, onu Azərbaycandan təcrid etsin. Ona qarşı başlanmış böhtan kampaniyasının mənası və səbəbi məhz ondan ibarət idi ki, Heydər Əliyev amili Azərbaycandan silinsin. Ancaq onun əməlləri, onun Azərbaycana verdiyi töhfələr Azərbaycan xalqının qəlbində daim yaşayırdı. O vaxt - biz Sovet İttifaqının tərkibində yaşadığımız dövrdə bütün o anları yaxşı xatırlayırıq. Hətta buna baxmayaraq, Azərbaycan xalqı öz iradəsini ifadə edə bilirdi. Məhz o iradə Azərbaycanı bugünkü inkişafa gətirib çıxarmışdır.

Heydər Əliyevə qarşı təzyiqlər və təqiblər güclənəndə o, təbii ki, doğma Vətənə üz tutdu. Ancaq əfsuslar olsun ki, o vaxt Azərbaycanın siyasi hakimiyyətində təmsil olunanlar imkan vermədilər o, Bakıda yaşasın və məcbur qalıb doğulduğu yerə -Naxçıvana üz tutdu. Ulu öndər Naxçıvanda yaşadığı dövrdə Naxçıvanın inkişafına öz töhfəsini verdi, eyni zamanda, naxçıvanlılar da Heydər Əliyevi qorudular.

Onun həyatında çox çətin anlar da olmuşdur, amma bütün sınaqlardan şərəflə çıxmışdır, daim öz xalqına xidmət etmişdir, bütün dövrlərdə cəsarətli siyasət aparmışdır və bu siyasət, bu cəsarət özünü müxtəlif mərhələlərdə göstərmişdir.

Azərbaycan xalqına qarşı törədilən təcavüz - 20 Yanvar faciəsi nəticəsində həlak olmuş şəhidlərimizin ruhu qarşısında o vaxt söz vermişdi ki, son damla qanına qədər Azərbaycana xidmət edəcəkdir. O vaxt Sovet ittifaqının dağılmasına hələ iki il qalmışdı. Buna baxmayaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində mətbuat konfransında Sovet İttifaqının, Kommunist Partiyasının rəhbərliyini çox kəskin tənqid etmiş və günahsız insanların həlak olmasında onları günahlandırmış, sonra isə onilliklər ərzində xidmət etdiyi Kommunist Partiyasının sıralarını tərk etmişdir.

Bütün bu addımlar böyük siyasi iradə və cəsarət tələb edirdi. Məhz o addımlar nəticəsində bu gün Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın müstəqilliyinin təməli məhz o vaxt qoyulmuşdur. Azərbaycanın milli üçrəngli bayrağı ilk dəfə olaraq rəsmi dövlət bayrağı kimi Naxçıvanda qaldırılmışdır. O vaxt hələ Sovet İttifaqı mövcud idi. Məhz o vaxt Sovet İttifaqının saxlanması üçün keçirilən referendumda Naxçıvan iştirak etmirdi. Biz bütün bu tarixi anları yaxşı xatırlayırıq və bir daha bu məsələyə diqqət verməklə Heydər Əliyevin nə qədər böyük şəxsiyyət olduğunu bir daha görürük.

Məhz o illərdə Azərbaycanın müasir siyasi sisteminin formalaşması üçün tarixi hadisə baş vermişdir. 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyası yaradıldı. Yeni Azərbaycan Partiyası müxalifət partiyası kimi yaradılmışdır. Yarandığı gündən indiyə qədər Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə olaraq, ölkəmizin inkişafı üçün böyük xidmətlər göstərmişdir.

Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı da zamanın və xalqın tələbi idi. O vaxt Azərbaycanda vətəndaş müharibəsi başlanmışdı, ölkədə xaos, anarxiya, böhran hökm sürürdü. İqtisadi və siyasi böhran ölkəmizin gələcək müstəqil həyatını sual altına qoymuşdu. Xalqın tələbi ilə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra bütün xoşagəlməz halların qarşısı alındı, bütün qanunsuz silahlı birləşmələr tərk-silah edildi, sabitlik yarandı və Azərbaycan inkişaf etməyə başladı. Əgər o vaxt Heydər Əliyev qətiyyəti, cəsarəti və siyasi nüfuzu olmasaydı, müstəqilliyimiz əldən gedə bilərdi.

1993-2003-cü illər Azərbaycanda sabitlik və inkişaf illəri kimi tarixdə qaldı. Məhz o illərdə dövlətçiliyimizin əsasları qoyuldu. Biz deyəndə ki, Heydər Əliyev müasir müstəqil Azərbaycanın qurucusudur, tam haqlıyıq. Çünki dövlət müstəqilliyi əldə etdikdən sonra iki il ərzində ölkə idarəolunmaz vəziyyətdə idi. Dövlətçiliyimizin, müstəqilliyimizin əsasları məhz 1993-cü ildə qoyulmuşdur. O vaxtdan bu günə qədər Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedir. İqtisadi sahədə aparılan islahatlar öz nəticəsini verməyə başlamışdır. Siyasi sabitlik təmin olunandan sonra ölkəyə böyük həcmdə xarici sərmayələr gəlməyə başlanmışdır. O vaxt xarici sərmayələri Azərbaycana cəlb etmək üçün böyük peşəkarlıq və siyasi səriştə tələb olunurdu. Çünki Azərbaycan dünyada çox riskli ölkə kimi tanınırdı. Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı çox az idi. Xarici investorları inandırmaq, onları Azərbaycana dəvət etmək və Azərbaycanın milli maraqlarına uyğun şəkildə böyük investisiya layihələrini icra etmək böyük siyasi bacarıq və siyasi bilik tələb edirdi.

Bugünkü Azərbaycan uğurla inkişaf edir. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir. Bu, sadəcə olaraq sözlər deyildir. Bu, reallıqdır, bu, həqiqətdir. 1993-2003-cü illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, azərbaycançılıq məfkurəsinin bərqərar olunması nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən ölkəyə çevrilibdir. O illərdə həm siyasi islahatlar, dünya birliyinə inteqrasiya siyasətimiz, həm daxildə aparılan iqtisadi və sosial islahatlar uğurlu inkişaf üçün möhkəm zəmin yaratmışdır. Bu gün müasir Azərbaycan bu möhkəm təməl üzərində uğurla inkişaf edir. Azərbaycan bu gün Heydər Əliyev yolu ilə gedir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və özünü bütün istiqamətlərdə göstərir. Ölkəmizin müstəqil yaşaması üçün neft kontraktlarının müstəsna rolu olmuşdur. Bu kontraktlar nəticəsində ölkə iqtisadiyyatına milyardlarla dollar vəsait qoyulmuşdur. Azərbaycan etibarlı tərəfdaş kimi özünü dünya birliyinə təqdim edə bilmişdir. Təbii resurslarımızın işlənilməsi, nəqli, ixracı nəticəsində biz iqtisadi müstəqillik qazana bilmişik. İqtisadi müstəqillik isə dövlət müstəqilliyinin əsasıdır. Məhz 1990-cı illərdə biz bu nailiyyətlərə çata bildik və bu uğurları bu gün davam etdiririk. Ölkəmizdə bütün istiqamətlər üzrə çox böyük abadlıq-quruculuq işləri aparılır, sürətli inkişaf gedir.

İqtisadi inkişaf templərinə görə Azərbaycan son 7 il ərzində dünyada bənzəri olmayan sürətlə inkişaf etmişdir. İqtisadiyyatımız təxminən 3 dəfə artmışdır. Sənaye istehsalımız 3 dəfə yüksəlmiş, yoxsulluq 5 dəfə azalmışdır. Biz artıq böyük maliyyə imkanlarına malikik. İqtisadiyyatımız artıq çoxşaxəlidir. Eyni zamanda, enerji siyasətimiz də Heydər Əliyevin qoyduğu neft strategiyası əsasında qurulub. Bu strategiya müasir tələblərə uyğunlaşdırılıb və zənginləşdirilib. Bu gün Azərbaycan enerji təhlükəsizliyi məsələlərində nəinki bölgədə, qitədə çox mühüm rola malikdir. Bizim təşəbbüslərimiz, irəli sürdüyümüz təkliflər və həyata keçirdiyimiz layihələr nəinki ölkəmizi gücləndirir, eyni zamanda, regional əməkdaşlıq üçün çox gözəl şərait yaradır.

Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi tarixi nailiyyətdir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini Heydər Əliyev qoymuşdur. Biz o layihəni başa çatdırdıq və kəmər 2006-cı ildən işləyir. Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsində bu layihənin müstəsna rolu vardır.

1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə imzalanmış böyük “Şahdəniz” qaz yatağı üzrə kontrakt bu gün Azərbaycanı enerji təhlükəsizliyi baxımından əvəzolunmaz tərəfdaşa çevirmişdir. Əgər 1996-cı ildə - o çətin illərdə, çətin anlarda bu düzgün addım atılmasaydı, bu gün enerji təhlükəsizliyimiz bizim üçün böyük problem ola bilərdi. Biz o layihəni başa çatdırdıq. 2007-ci ildə Azərbaycan qazını xarici bazarlara ixrac etmək üçün Bakı-Ərzurum kəməri tikildi, o dəhliz artıq açıldı, işlədi. Biz o dəhlizi sınadıq. Biz o dəhlizi dəmir yolu layihəsi ilə zənginləşdiririk. Dəmir yolu nəinki Azərbaycanı qonşu dövlətlərlə, Asiyanı Avropa ilə birləşdirəcəkdir. Ümid edirəm ki, biz gələn il bu tarixi layihənin işə düşməsini qeyd edəcəyik. Açılan bu dəhliz inkişafımız üçün əvəzolunmaz rola malikdir.

Müstəqilliyimiz möhkəmlənir. İqtisadi imkanlarımız, regiondakı rolumuz artır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Eyni zamanda, ölkədə iqtisadi və sosial məsələlər öz həllini tapmaqdadır. Son 7 il ərzində büdcə xərclərimiz 12 dəfə artmışdır. Maaşlar, pensiyalar dəfələrlə artmışdır.

Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir. Bununla bərabər, ölkəmizin sosial-iqtisadi inkişafının davamı üçün konkret layihələr, konkret proqramlar icra edilir.

Bu gün Azərbaycan, eyni zamanda, regionda sabitləşdirici amildir. Bizim təşəbbüslər bir çox hallarda regionda həlledici rol oynayır. Regional məsələlərdə iştirakımız regional əməkdaşlığı daha da zənginləşdirir. Bu regional əməkdaşlığın hüdudları da genişləndirilir. Bizim irəli sürdüyümüz və icra etdiyimiz layihələr tərəfdaş dövlətləri də cəlb edir. Azərbaycan artıq çox etibarlı tərəfdaş kimi özünü dünyada təsdiq etmişdir.

Ölkəmizdə iqtisadi və sosial məsələlərin həlli müsbət istiqamətdə inkişaf edir. Ölkəmizdə ictimai-siyasi vəziyyət çox müsbətdir. Bizim ölkə çoxmillətli ölkədir. Azərbaycan artıq dünya miqyasında mədəniyyətlərarası dialoqun aparılması üçün çox gözəl məkana çevrilmişdir. Bu sahədəki təşəbbüslərimiz də dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Son vaxtlar keçirilən müxtəlif tədbirlər bir daha Azərbaycanı çox müasir və tolerant ölkə kimi dünya birliyinə təqdim edir.

Ölkəmizdə elə bir sahə yoxdur ki, o sahə üzrə konkret proqram olmasın və həmin proqram icra edilməsin. Bir sözlə, bugünkü Azərbaycan güclü, müasir, öz gücünə arxalanan dövlətdir. Biz elə etməliyik ki, ölkəmizi bundan sonra da gücləndirək, inkişaf etdirək, qarşıda duran bütün vəzifələri icra edək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq üçün əlavə tədbirlər görək, iqtisadi və sosial məsələlərin həllinə nail olaq.

Biz bütün bu uğurları məhz ona görə əldə etmişik ki, 1993-cü ildə Azərbaycan xalqı müdriklik göstərib Heydər Əliyevi siyasi hakimiyyətə dəvət etmişdir. Uğurlarımızın təməli məhz o vaxt qoyulmuşdur. Uğurlarımızın əvvəli məhz 1993-cü ildir. Ona görə Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində yaşayır və daim yaşayacaqdır. Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk.

Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir. Bu gün inkişaf edən, güclənən Azərbaycan Heydər Əliyevin xatirəsinə olan hörmətimizin ən gözəl nümunəsidir. Biz bu yolla gedəcəyik. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayacaqdır. Biz bu yoldan dönməyəcəyik. Heydər Əliyev siyasətinə daim sadiq qalacağıq. Sağ olun.

X X X

Sonra Heydər Əliyev mükafatının təqdimatı oldu.

Heydər Əliyev Mükafatı Komissiyasının qərarı və Prezident İlham Əliyevin 2011-ci il 10 may tarixli Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə yazıçı Anar Rəsul oğlu Rzayev Heydər Əliyev Mükafatı ilə təltif olundu.

Dövlətimizin başçısı mükafatı Anar Rzayevə təqdim etdi.

Xalq Yazıçısı Anar RZAYEV yüksək etimada və mükafata görə minnətdarlığını bildirərək dedi:

Hörmətli cənab Prezident!

Bu tarixi gündə unudulmaz ulu öndərimiz, həyatın bütün çətin sınaqlarından qalib çıxmış, dünyadan da qalib kimi getmiş Heydər Əliyevin doğum günündə onun adını daşıyan mükafatın mənə təqdim olunması mənim üçün çox böyük şərəfdir.

Bilirəm ki, bu işin təşəbbüskarı hörmətli Prezidentimiz olub, mən ona öz dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mən bu mükafatı yalnız mənə yox, ümumiyyətlə çağdaş Azərbaycan ədəbiyyatına, xüsusilə də mənim mənsub olduğum “altmışıncılar” nəslinə verilmiş mükafat kimi qavrayıram. Çünki o nəsil məhz Heydər Əliyevin qayğısı və müdafiəsi ilə yetişdi.

Bu gün hörmətli Prezidentimiz başqa sahələrdə olduğu kimi, ədəbiyyat, mədəniyyət sahəsində, yazıçılara münasibətdə də ulu öndərimizin siyasətini uğurla və layiqli şəkildə davam etdirir.

Mənim 73 yaşım vardır və söz verirəm ki, cənab Prezident, Sizinlə bir yerdə, burada iştirak edən bütün insanlarla bir yerdə üçrəngli Azərbaycan bayrağının dalğalanacağı Şuşaya gedənədək yaşayacağam.

Sağ olun.

X X X

Mərasimdə Heydər Əliyev Fondunun fəaliyyəti ilə bağlı film nümayiş etdirildi.

Daha sonra Heydər Əliyev Fondunun 2009-cu ildə təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının 2011-ci il qalibləri elan olundu.

İlk nominasiyada qalib ümumbəşəri dəyərlərin qorunub saxlanılmasına, sivilizasiyalararası dialoqun genişləndirilməsinə, ölkəmizin YUNESKO ilə əlaqələrinin inkişafına, mədəniyyətlərarası mübadilədə Azərbaycanın uğurlu təqdimatına verdiyi töhfələrə görə YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuura elan edildi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva mükafatı Koişiro Matsuuraya təqdim etdi.

YUNESKO-nun sabiq baş direktoru Koişiro MATSUURA yüksək mükafata görə təşəkkürünü bildirərək dedi:

-Çox hörmətli Mehriban xanım Əliyeva!

Heydər Əliyev Fondunun 7-ci ildönümünü qeyd etdiyiniz bu əlamətdar bir gündə çox nüfuzlu beynəlxalq mükafatla məni təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.

Xoşməramlı səfir kimi gördüyünüz bir çox xeyirxah işləri və 7 il öncə Fondun təsis edildiyi vaxtdan bəri birgə əldə etdiyimiz nailiyyətləri məmnuniyyətlə xatırlayıram. Son 7 il ərzində bizə verdiyi olduqca böyük dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkür etmək fürsətini də qaçırmaq istəmirəm. Çox sağ olun.

İcazə verim bildirim ki, mən YUNESKO-nun baş direktoru kimi ilk dəfə Bakıya Prezident Heydər Əliyevin dəvəti ilə 2000-ci ilin aprel ayında səfər etdim. Həmin vaxt səfərim Türkdilli Ölkələrin Dövlət Başçılarının Sammiti ilə üst-üstə düşdü. O vaxt Azərbaycanın “Dədə Qorqud” eposunun 1300-cü ildönümü də qeyd olunurdu. Həmin xoş təəssüratları xatırlayaraq bu gün keçmiş Prezident Heydər Əliyevin anadan olmasının ildönümünü qeyd etdiyimiz gündə Mehriban xanımdan bu mükafatı məmnunluqla qəbul edirəm. Bu münasibətlə ümummilli liderin xatirəsinə hörmət və ehtiramımı bildirirəm.

Çox sağ olun.

X X X

Növbəti nominasiyanın qalibi isə elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin yaradılması və xalqlar arasında dialoqun qurulmasında səmərəli fəaliyyətinə görə İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri elan edildi.

Heydər Əliyev Fondunun beynəlxalq mükafatını Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İSESKO-nun baş direktoruna təqdim etdi.

İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl TÜVEYCRİ minnətdarlıq edərək dedi:

- Zati-aliləri cənab Prezident!

Mehriban xanım Əliyeva!

Xanımlar və cənablar!

Azərbaycanın ulu öndəri, Prezident Heydər Əliyevin xatirəsini yad etdiyimiz bu əlamətdar gündə belə bir mükafatı almaqdan böyük şərəf hissi duyuram.

Azərbaycan xalqı Heydər Əliyev ilə fəxr edir. Onunla görüşmək fürsəti mənə nəsib olmadı. Lakin mən onun davamçısı zati-aliləri Prezident İlham Əliyev ilə görüşdüm və atasının uzaqgörənliyini oğlunda gördüm.

Hazırda ölkədə bütün sahələrdə - təhsil, elm, infrastruktur, səhiyyə, sosial işlərdə güclü və ardıcıl inkişaf müşahidə olunur. Bütün sahələrdə ümumən inkişaf gedir. Prezident İlham Əliyevin müdrik rəhbərliyini və Heydər Əliyev Fondu çərçivəsində Mehriban xanım Əliyevanın sosial sahədə oynadığı böyük rolunu nəzərə alaraq biz hamımız bu cür gözəl ölkə ilə qurduğumuz dostluq münasibətlərindən fərəhlənirik.

Bu mühüm fürsətdən istifadə edərək İSESKO-ya verdiyi böyük dəstəyə görə Azərbaycan Prezidenti zati-aliləri cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm. Biz münasibətlərimizdən çox fərəhlənirik. İSESKO-nun tədbirləri burada dəfələrlə təşkil olunub. Münasibətlərimizin inkişafı üçün bundan sonra da çalışacağıq, həmçinin mədəniyyətlərarası dialoq sahəsində işlər aparacağıq. Çünki Bakı dialoq və tolerantlıq mərkəzinə çevrilib. Yaşasın Azərbaycan!

Sağ olun cənab Prezident, sağ olun Mehriban xanım.

Sizin hamınıza uğurlar arzu edirəm.

X X X

Mükafatlandırma mərasimindən sonra Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konserti oldu.

Konsertdə dünya şöhrətli “İl-divo” qrupu maraqlı proqramla çıxış etdi.

Alqışlara görə təşəkkür edən qrupun solisti Devid MİLLER dedi:

- Təşəkkür edirəm. Bu gözəl hadisə münasibətilə burada olmağımızdan çox məmnunuq. Bu, bizim Azərbaycana ilk səfərimizdir. Bu, bizim üçün çox heyrətamiz hadisədir. İndi isə sizin üçün “Passera” mahnısını ifa edəcəyik.

Bu mahnıdan sonra qrupun digər solisti Urs BÜLER mərasim iştirakçılarına müraciətlə dedi:

- Xanımlar və cənablar, çox sağ olun. Mən Azərbaycana şəxsən öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Devidin dediyi kimi, bu, Azərbaycana ilk səfərimizdir. Bu mərasim çox möhtəşəmdir. Mən Heydər Əliyev Fonduna, xüsusən də birinci xanıma, Fondun prezidenti Mehriban Əliyevaya bizi buraya dəvət etdiyi üçün dərin minnətdarlığımı ifadə etmək istərdim. Bu yubiley tədbirinin iştirakçısı olmaqdan şərəf hissi duyuruq. Biz bilirik ki, xanım Əliyeva YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiridir. Siz çox xeyirxah işlər görürsünüz. Əgər biz “İl-divo” qrupu olaraq bu gözəl gecəyə kiçicik də olsa öz töhfəmizi verə biliriksə, bununla çox fəxr edirik və şərəf hissi duyuruq. Biz ifamızı mənim də çox sevdiyim mahnılardan olan “Sənsiz” nəğməsi ilə davam etdiririk.

Bu ifadan sonra həmkarlarının fikirlərini tamamlayan Karlos MARİN bildirdi:

- Təşəkkür edirik. İndi isə biz çıxışımızı yekunlaşdırmaq istərdik. Əminəm ki, hamınız bu mahnını yaxşı bilirsiniz. Bu, Frenk Sinatranın və digər məşhur müğənnilərin ifa etdikləri “My way” mahnısıdır. Bəri başdan deyim ki, bu mahnını biz çox gözəl birinci xanımın və cənab Prezidentin şərəfinə ifa etmək istəyirik. Ümidvaram ki, bəyənəcəksiniz. Bizi dəvət etdiyinizə görə Sizə çox minnətdarıq. Tezliklə görüşənədək.

Mərasim Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, istedadlı tenor Samir Cəfərovun maraqlı və yaddaqalan ifası ilə başa çatdı.

######

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin