SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Yevlaxda silsilə tədbirlərə qeyd edilir
Yevlax, 3 may (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Yevlaxda silsilə tədbirlərə qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı və “Kür” qəzetinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin doğum gününə həsr edilmiş şahmat üzrə məktəblilərin rayon birinciliyi başa çatmışdır.
İsveçrə sistemi ilə keçirilən turnirdə iki yaş qrupu üzrə 110 nəfərdən artıq məktəbli mübarizə aparmışdır.
Turnirin başa çatması münasibətlə keçirilən tədbirdə çıxış edən YAP rayon təşkilatının aparat rəhbəri Əli Quliyev böyük siyasi xadim Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən, o cümlədən gənclərə, idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan danışmışdır.
Turnirin qalibləri YAP Yevlax rayon təşkilatının fəxri fərmanı və qiymətli hədiyyələrlə təltif olunmuşlar.
Ulu Öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə rayon məktəbliləri arasında “Tarix və xalq Heydər Əliyevi hər zaman yaşadacaq” mövzusunda keçirilən inşa müsabiqəsinə də yekun vurulmuş, qaliblər mükafatlandırılmışlar.