SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Batumidə tədbir keçirilmişdir
Bakı, 15 may (AZƏRTAC). Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Gürcüstanın Batumi şəhərindəki Şota Rustaveli adına Batumi Dövlət Universitetində tədbir keçirilmişdir.
Azərbaycanın Batumidəki baş konsulluğu tərəfindən keçirilmiş tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze, Ali Sovetin sədri Avtandil Beridze, Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze, mədəniyyət və idman naziri Qiya Tavamaişvili, səhiyyə və əhalinin sosial müdafiəsi naziri Nuqzar Surmanidze, muxtar respublikanın hökumət aparatının, nazirliklərin və meriyanın məsul işçiləri, Batumi Dövlət Universitetinin müəllim-tələbə heyəti, ziyalılar iştirak etmişlər.
Baş konsul Hüseyn Nəcəfov tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasında və möhkəmlənməsində, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında, iqtisadi və siyasi islahatların həyata keçirilməsində mühüm xidmətlərindən danışmışdır. Bildirilmişdir ki, Ümummilli Liderin əsasını qoyduğu siyasət və bu siyasətin uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdən biridir. Diqqətə çatdırılmışdır ki, Ermənistan silahlı birləşmələrinin təcavüzünə məruz qalması nəticəsində torpaqlarının 20 faizinin işğal edilməsinə baxmayaraq, Azərbaycan siyasi, iqtisadi, diplomatik sahələrdə böyük uğurlara nail olmuşdur. Bu uğurlar bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Baş konsul qeyd etmişdir ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Ulu Öndərin uzaqgörən siyasətinin məntiqi davamıdır və bu islahatların nəticəsində Azərbaycan müxtəlif sahələrdə böyük nailiyyətlər əldə etmişdir.
Acarıstan Muxtar Respublikası hökumətinin sədri Arçil Xabadze demişdir ki, XX əsrin görkəmli liderlərindən olan Heydər Əliyevin həyat və fəaliyyəti ilə tanışlıq zamanı onun Azərbaycan tarixində və ölkənin inkişafında xidmətlərinin nə qədər böyük olduğunu görmək mümkündür. Heydər Əliyev çətin vaxtlarda Azərbaycana rəhbərlik edərək ölkədə sülhün, sabitliyin yaranmasına nail olmuşdur. A. Xabadze bildirmişdir ki, hazırda Azərbaycan Respublikası bütün sahələrdə sürətlə inkişaf edən müasir ölkəyə çevrilmiş, eyni zamanda, öz çoxəsrlik ənənələrini qoruyub saxlamışdır.
Acarıstan Muxtar Respublikası Alı Sovetinin sədri Avtandil Beridze Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə Azərbaycan xalqını təbrik etmişdir. A.Beridze Ümummilli Liderin Azərbaycanın və Gürcüstanın müstəqilliyinin möhkəmlənməsində və inkişafında əvəzolunmaz rol oynadığını qeyd etmişdir. A.Beridze bildirmişdir ki, Heydər Əliyev XX əsrin dahi şəxsiyyətlərindən biridir.
A.Beridze, həmçinin bildirmişdir ki, 2013-cü ildə Azərbaycan tərəfinin dəvəti ilə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumunda iştirak etmiş, şəhərin, eləcə də Naxçıvan Muxtar Respublikasının inanılmaz inkişafının şahidi olmuşdur.
Batumi Dövlət Universitetinin rektoru Alyoşa Bakuridze Azərbaycanın baş konsulluğunun təşəbbüsü ilə Universitetin kitabxanasında Heydər Əliyev adına Kitab Fondunun fəaliyyət göstərdiyini məmnunluqla qeyd etmişdir. Rektor, həmçinin Batumi Dövlət Universitetinin Naxçıvan Dövlət Universiteti ilə sıx əməkdaşlıq etdiyini vurğulamışdır.
Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərgi, “Qalibin yolu” adlı sənədli film və “Azərbaycan–Gələcəyin məkanı” adlı videoçarx nümayiş etdirilmişdir.