SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Özbəkistanda qeyd edilib
Daşkənd, 11 may, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyində ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə bağlı mərasim keçirilib.
Tədbirdə Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.
Əvvəlcə mərasim iştirakçıları ulu öndər Heydər Əliyevin səfirlikdəki abidəsi önünə gül dəstələri qoyublar. Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan kitab və foto sərgisi tədbir iştirakçılarında böyük maraq doğurub.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Səfir bildirib ki, Ulu Öndərin dövlət təhlükəsizlik orqanları, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, nəhayət, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə Azərbaycanın inkişafı və tərəqqisi istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.
Özbəkistan Qadınlar Cəmiyyətinin nümayəndəsi Camila Şermuxammedova, Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetinin dosenti Gülbahar Aşurova və soydaşımız İsmayıl Məmmədov ölkələrimiz arasında əlaqələrin bu səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi xidmətlərinin olduğunu bildiriblər. Onlar ulu öndər Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, öz xalqının sadiq oğlu və əvəzsiz şəxsiyyət kimi xarakterizə ediblər.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd