REGİONLAR


Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsinə yekun vurulub

Naxçıvan, 18 may, AZƏRTAC

Naxçıvan Dövlət Filarmoniyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş mahnı müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2018-ci il 16 aprel tarixli Sərəncamından irəli gələn vəzifələrin uğurla icra olunduğunu bildirib. Nazir qeyd edib ki, tədbirlər planına əsasən Ümummilli Liderə həsr olunmuş şeir və mahnı müsabiqələrinin keçirilməsi nəzərdə tutulub. Bugünkü mahnı müsabiqəsi Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Bəstəkarlar Təşkilatının birgə təşkilatçılığı ilə həvəskar və professional bəstəkarlar arasında keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd dahi Heydər Əliyevin mənəvi irsindən faydalanmaqla Naxçıvan Muxtar Respublikasında yetişən gənc nəslin bədii və estetik zövqünün formalaşmasına kömək etmək, istedadlı bəstəkarları üzə çıxarmaq, onların yaradıcılıq potensialını inkişaf etdirməkdən ibarətdir.

“Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş müvafiq əsasnaməyə əsasən, muxtar respublikada yaşayan həvəskar və professional bəstəkarlıqla məşğul olan yaşı 18-dən yuxarı şəxslər müsabiqədə iştirak etmək hüququ qazanıb”, – deyən Natəvan Qədimova vurğulayıb ki, Təşkilat Komitəsi müsabiqənin keçirilməsi üçün lazımi tədbirləri görüb, münsiflər heyəti müəyyən olunub. Müsabiqənin gedişi zamanı təqdim olunmuş əsərlər 10 ballıq sistem üzrə gizli səsvermə yolu ilə qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək.

Nazir çıxışının sonunda müsabiqənin iştirakçılarına və münsiflər heyətinə uğurlar arzulayıb.

Tədbirin aparıcısı müsabiqənin münsiflər heyətini iştirakçılara təqdim edib.

Müsabiqədə Ümummilli Liderə həsr olunmuş peşəkar və həvəskar bəstəkarların 11 mahnısı səsləndirilib. Naxçıvan Musiqi Kollecinin, Naxçıvan Dövlət Filarmoniyasının, Ərtoğrul Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin xor kollektivləri, Naxçıvan Muxtar Respublikasının Əməkdar artistləri Elçin Nağıyev, Yaşar Qurbanov, Azər Cəfərli, gənc müğənni Rahim Əsgərzadə müsabiqəyə təqdim olunmuş mahnıları ifa ediblər. “Fəxr edirəm ki, mən azərbaycanlıyam” odası, “Ömrün Heydər zirvəsi”, “Ulu Öndər”, “Sönməyən Günəşim” və başqa mahnılar maraqla qarşılanıb.

Bütün əsərlər ifa edildikdən sonra münsiflər heyəti qalibləri müəyyən etmək üçün müzakirələr aparıb. Tədbirdə “Salnamə” sənədli filmlər studiyasının istehsal etdiyi “Heydər Əliyev – Azərbaycan mədəniyyətinin hamisi” sənədli filmi nümayiş etdirilib.

Müsabiqədə Naxçıvan Muxtar Respublikası Əməkdar İncəsənət xadimləri Yaşar Xəlilov və Şəmsəddin Qasımov müvafiq olaraq III və II yerlərə layiq görülüblər. Fəridə Ağayeva isə müsabiqənin birincisi olub. Qaliblərə diplomlar təqdim olunub.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov çıxış edərək müsabiqənin təşkilatçılarına minnətdarlıq edib, qaliblərə yaradıcılıq uğurları arzulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.