SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı Daşkənddə mərasim keçirilib
Daşkənd, 11 may, AZƏRTAC
Azərbaycanın Özbəkistandakı səfirliyi və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı mərasim keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin və Mərkəzin əməkdaşları, Özbəkistanın elm və mədəniyyət xadimləri, diasporumuzun üzvləri, Daşkənddəki uşaq evlərinin şagirdləri iştirak ediblər.
Əvvəlcə ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev, səfirliyin əməkdaşları Ümummilli Liderin Mədəniyyət Mərkəzinin qarşısındakı abidəsi önünə əklillər qoyub, çiçək dəstələri düzüblər. Sonra iştirakçılar ümummilli lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən sərgi ilə tanış olublar.
Səfir Hüseyn Quliyev Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq deyib ki, ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycanda deyil, bütün dünyada hörmətlə yad olunur. Diplomat vurğulayıb ki, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, müstəqil Azərbaycan Respublikasının Prezidenti vəzifələrində çalışdığı müddətlərdə ölkəmizin inkişafı istiqamətində göstərdiyi xüsusi xidmətlər heç zaman unudulmayacaq.
Digər çıxış edənlər Azərbaycan ilə Özbəkistan arasında əlaqələrin yüksək səviyyəyə çatmasında Heydər Əliyevin xüsusi rolunun olduğunu bildiriblər.
Tədbirin bədii hissəsində Mədəniyyət Mərkəzinin dərnəklərinin, habelə Daşkənddəki internat məktəblərinin istedadlı şagirdləri maraqlı musiqi nömrələri, rəqslər ifa ediblər.
Sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.
Sonda uşaq evlərinin 200-ə yaxın şagirdi üçün süfrə açılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd