REGİONLAR


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Naxçıvanda humanitar tibbi aksiya keçirilir

Naxçıvan, 10 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən yüksəkixtisaslı həkim briqadalarının dəvət olunaraq muxtar respublikaya gətirilməsi və aztəminatlı ailələrdən olan xəstələrin başqa ünvanlara üz tutmadan müayinəsinin və cərrahiyyə əməliyyatlarının təşkili davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin yüksəkixtisaslı həkim oftalmoloqları da hər həftənin cümə və şənbə günlərində Naxçıvan Muxtar Respublika Xəstəxanasında humanitar tibbi aksiya keçirir.

Mayın 10-da start verilən növbəti aksiya isə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunub. Bugünkü aksiyada oftalmoloq-cərrahlar Fərəh Abduləliyevanın, Nəzrin Xıdırovanın və tibb bacısı Səfiyyə Səlimxanovanın iştirakı ilə müxtəlif göz problemlərindən əziyyət çəkən xəstələrin müayinəsi və mürəkkəb göz əməliyyatları aparılıb. Səyyar aksiyada göstərilən xidmətlərdən əsasən ahıllar, uşaqlar, eləcə də gənclər istifadə ediblər. Bu aksiya onlarla ailənin sevincinə səbəb olub.

Oftalmoloq-cərrah Fərəh Abduləliyeva bildirib ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş səyyar klinika təşkil edilib. Bununla yanaşı, mərkəzin həkim heyəti daim Naxçıvanda tibbi müayinələr həyata keçirir.

Yüksəkixtisaslı mütəxəssis əlavə edib ki, hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəmlər hər il artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi respublikada korluğun səviyyəsinin həmişə ən aşağı həddə qalması üçün ardıcıl tədbirlər görür. Artıq həmvətənlərimizə yüksək ixtisaslı oftalmoloji yardım üçün digər ölkələrə getməyə ehtiyac qalmayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.