SİYASƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə Cakartada iftar süfrəsi təşkil edilib
Cakarta, 11 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə mayın 10-da İndoneziyanın Cakarta şəhərində yerli kütləvi informasiya vasitələrinin nümayəndələri üçün iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İndoneziyadakı səfirliyi tərəfindən təşkil olunan tədbirdə müvəqqəti işlər vəkili Ruslan Nəsibov çıxış edən ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib, Ulu Öndərin müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın regionda liderə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevrildiyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev keçmiş SSRİ dövründə Azərbaycanda hakimiyyətdə olarkən ölkəmizdə bütün sahələrdə mühüm inkişafa nail olunub. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın daxili və xarici siyasətdə üzləşdiyi ağır vəziyyət, Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüz və etnik təmizləmə siyasəti beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin işğalı və bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələndi. 1993-cü il iyunun 15-də Azərbaycan xalqının təkidi ilə Heydər Əliyev hakimiyyətə qayıtdı və onun uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi sayəsində ölkəmizdə qısa müddət ərzində sabitlik və tərəqqiyə nail olundu. Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də “Əsrin kontraktı” imzalandı, iri həcmdə xarici sərmayələr Azərbaycan iqtisadiyyatına cəlb edildi və ölkəmizin sürətli inkişafı başladı. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin adı və onun misilsiz xidmətləri xalqımızın, hər bir azərbaycanlının qəlbinə əbədi həkk olunub.
Tədbirdə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, ölkəmizin inkişafından bəhs edən foto və video materiallar nümayiş etdirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta