CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

Bakı, 11 may, Nəriman Həsənov, AZƏRTAC

Mayın 11-də Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Suraxanı rayonu ərazisində ağacəkmə aksiyası keçirib.

AZƏRTAC xəbər verir ki, aksiyada Baş nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov Azərbaycan xalqının ümummilli lider Heydər Əliyevin doğum gününü böyük təntənə ilə qeyd etdiyini bildirib. O deyib ki, YAP da bu əlamətdar hadisəni müxtəlif tədbirlərlə qeyd edir və bu, ənənə halını alıb: “Ağacəkmə aksiyası da bu tədbirlərdən biridir. Ənənəvi olaraq biz hər il belə aksiya keçiririk. İndi də Suraxanı rayonunun bu ərazisində yaşıllıq salınmasında iştirak edirik. Bununla, bir tərəfdən ulu öndər Heydər Əliyevin unudulmaz xatirəsini yad edirik, digər tərəfdən yaşıllıq zolağını salmaqla Bakının ekologiyasının yaxşılaşdırılmasına öz töhfəmizi veririk”.

Əli Əhmədov qeyd edib ki, YAP böyük bir gücü özündə ehtiva edir. Bu güc Azərbaycanın inkişafı naminə öz imkanlarını həmişə səfərbər edir. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi strategiyanın reallaşmasında partiyamızın nümayəndələri həmişə böyük fədakarlıq nümunələri göstəriblər. Bu aksiyada iştirak etməklə bizim partiyamız Prezidentimizin həyata keçirdiyi ekoloji siyasətə dəstək verir. Bütün bunlar partiyamızın mahiyyətindən irəli gəlir. Biz qurucu, yaradıcı partiyayıq. YAP öz gücünü, mütəşəkkilliyini Azərbaycan dövlətinin qüdrətinin daha da artmasına səfərbər edib. YAP təkcə siyasi proseslərdə iştirak etməklə öz missiyasını bitmiş hesab etmir, həm də cəmiyyət üçün əhəmiyyətli olan bütün proseslərdə bundan sonra da fəal iştirak edəcək.

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması, geniş yaşıllıqlar zolaqlarının salınması ulu öndər Heydər Əliyevin hər zaman diqqətində idi. Ulu Öndər fəaliyyətində bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Hazırda bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir. Yeni Azərbaycan Partiyasının bu təşəbbüsləri nəticəsində respublikamızın müxtəlif ərazilərində, o cümlədən Bakı şəhərində minlərlə ağac əkilib, geniş yaşıllıq zolaqları salınıb. Bugünkü aksiya nəticəsində əkilən ağaclara da daim qulluq ediləcək, müasir suvarma sistemi ilə təmin olunacaq.

Qeyd edək ki, aksiya zamanı 1,5 hektar ərazidə 1000-dən çox ağac əkilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.