CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Ali Məhkəmədə qeyd edilib
Bakı, 8 may, AZƏRTAC
Mayın 8-də Ali Məhkəmədə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.
Ali Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev tarixə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi siyasətçi və böyük tarixi şəxsiyyət kimi daxil olan ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında tarixi xidmətlərindən və Azərbaycana uğurla rəhbərlik etməsindən danışıb.
Qeyd edilib ki, Ulu Öndərin şərəfli ömrü xalqımızın bu günü və gələcək taleyi ilə bağlıdır. 1995-ci ilin noyabrında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanıb və ümumxalq referendumunda qəbul olunub. Konstitusiyanın qəbulu Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım olmaqla yanaşı, insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin yaradırdı.
Bildirilib ki, böyük siyasi və dövlət xadimi Heydər Əliyev insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunun artırılması istiqamətində ciddi islahatlar həyata keçirib. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılıb, hakim korpusunun formalaşmasında tamamilə yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə reallaşdırılmasına təkan verib. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyub və onu inkişaf etdirib.
Ali Məhkəmənin sədri ulu öndər Heydər Əliyevin əməllərinin və amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək, bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.
Azərbaycan xalqının otuz il ərzində həsrətində olduğu işğal altındakı torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi və rəşadətli Ordumuzun şücaəti ilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində erməni işğalçılarından azad edilməsi də məhz Heydər Əliyev ideyalarının təntənəsidir. Bu gün ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları uğurla həyata keçirilir.