CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Azərbaycan Hərb Tarixi Muzeyində qeyd olunub
Bakı, 6 may, AZƏRTAC
XX əsr Azərbaycan tarixinin ən parlaq siması - Heydər Əliyev dövlət idarəçiliyi sahəsində təcrübəli lider və əvəzolunmaz şəxsiyyətdir. Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Ümummilli Liderin sayəsində mümkün olub.
AZƏRTAC xəbər verir ki, bu fikirlər ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə mayın 6-da Azərbaycan Hərb Tarixi Muzeyində keçirilən tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “Heydər Əliyev və ordu quruculuğu” mövzusunda məruzə ilə çıxış edərək bildirib: “Bu fenomen şəxsiyyət sovet siyasi sistemində ilk dəfə hakimiyyətə gəlişi ilə milli ideologiyanın, milli şüurun oyanması istiqamətində bütün maneələri dəf edərək xalqımızın müstəqil düşüncəsinə geniş yol açıb. Məhz Heydər Əliyevin gərgin fəaliyyətinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə SSRİ məkanında qabaqcıl sənaye respublikasına çevrilib. Böyük xilaskarın hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq münasibətlərində ciddi dönüş yarandı.
Vurğulanıb ki, bu gün müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi Heydər Əliyevin fəaliyyətinin şanlı dövlətçiliyimiz tarixində müstəsna yeri var. Tarixi əhəmiyyəti baxımından onun fəaliyyəti Azərbaycanın hüdudlarını aşır. Dahi şəxsiyyət uzaqgörənliyi, parlaq zəkası, istedadı sayəsində Azərbaycanı, onun bugünkü gerçəkliyini yaradıb, dövlət müstəqilliyimizi əbədi və dönməz edib”.
Sonra “Heydər Əliyev və ordu quruculuğu” sənədli filmi və Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən slayd-şou nümayiş olunub.