SİYASƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Pakistan qəzetlərində məqalələr dərc edilib

İslamabad, 8 may, АZƏRTAC

Pakistanın “National Herald Tribune”, “İslamabad Post” və “Daily Times” qəzetlərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı “Heydər Əliyev – müasir Azərbaycanın banisi” və “Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı” sərlövhəli məqalələr dərc olunub.

AZƏRTAC xəbər verir ki, məqalələrdə mayın 10-u Azərbaycanda ölkə tarixinə müstəsna töhfələr verən və dövlətçiliyimizin formalaşmasında böyük rol oynayan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 98-ci ildönümü olduğu bildirilir.

Materiallarda 1993-cü ilin may-iyun aylarında Azərbaycanın vətəndaş müharibəsi ərəfəsində olduğu və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi zaman Azərbaycan xalqı tərəfindən Heydər Əliyevin hakimiyyətə gəlməsinin tələb edildiyi, eləcə də o zamankı Azərbaycan rəhbərliyinin Heydər Əliyevi Bakıya dəvət etmək məcburiyyətində qaldığı vurğulanır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçildiyi diqqətə çatdırılır.

Yazılarda 1993-2003-cü illərdə, 10 il müddətində Heydər Əliyevin rəhbərliyi altında müsbət dəyişiklik, inkişaf və rifah səviyyəsinin yüksəlməsi sahəsində uğurlu bir yol keçildiyi oxucuların diqqətinə çatdırılır, Heydər Əliyevin Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə milli birliyi təmin etdiyi, onu qoruyub saxladığı və iqtisadi inkişafı təmin etməklə güclü demokratik təsisatların qurulması üçün yorulmadan çalışdığı bildirilir.

Məqalələrdə “Əsrin müqaviləsi”nin ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi neft strategiyasına əsaslanan, ölkənin geosiyasi mövqeyini və iqtisadi inteqrasiyanı gücləndirməyə zəmin yaradan siyasətin zəfəri olduğu qeyd olunur. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin inşasının da Heydər Əliyevin neft strategiyasının böyük uğurlarından biri olduğu diqqətə çatdırılır.

Materiallarda bildirilir ki, Ümummilli Lider daima Pakistana xüsusi diqqət yetirib və onun Pakistanla Azərbaycan arasındakı münasibətləri qardaşlıq və strateji tərəfdaşlıq səviyyəsinə qaldırdığı bildirilir.

Yazılarda Heydər Əliyevin milyonlarla insanın sevgisini və hörmətini qazanan əvəzedilməz bir lider olduğu, onun ideylarının və irsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşadığı, yürütdüyü siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanır.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İslamabad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.