CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü Baş Prokurorluqda qeyd edilib

Bakı, 9 may, AZƏRTAC

Mayın 9-da Baş Prokurorluqda Azərbaycanın xilaskarı, müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində Ulu Öndərin büstü önünə əklil və gül dəstələri qoyaraq, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalandığını diqqətə çatdırıb.

Baş prokuror qeyd edib ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olub və millətinə rəhbərlik edib. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev uzaqgörənliliyi, siyasi müdrikliyi, sarsılmaz iradəsi və qətiyyəti, ən əsası, milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırkı və gələcək nəsillər üçün qoruyub saxlayıb və müasir inkişaf yoluna çıxarıb.

Bildirilib ki, müstəqil Azərbaycan Respublikasının mühüm dövlət qurumlarından biri olan prokurorluq orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli statusunun müəyyənləşdirilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən təsisat kimi idarəçilik sistemində layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsində mümkün olub.

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə oktyabrın 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasının prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirildiyi, prokurorluğun kollektivinin onların fəaliyyətinə göstərilən yüksək diqqət və etimadı səmimi minnətdarlıq duyğuları ilə qarşıladığı, xalqımıza ləyaqətlə xidmət göstərdiyi qeyd edilib.

Xüsusi vurğulanıb ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı, özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olub, həyata keçirdiyi kompleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, Ulu Öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.

Tədbirdə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev çıxış edərək fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.

Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə prokurorluq orqanlarının əməkdaşları arasında keçirilmiş şahmat turnirinin qalibləri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Ulu Öndərin anadan olmasının 99-cu ildönümünə həsr etdiyi sahə həmkarlar ittifaqı komandaları arasında minifutbol turnirində ikinci yeri tutmuş prokurorluq əməkdaşları təltif olunublar.

Tədbirə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun hər bir işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən islahatların həyata keçirilməsində xidmətlərini göstərəcəyinə prokurorluğun kollektivi adından əminliyini bildirib.

Sonda Ümummilli Liderin xatirəsinə həsr olunmuş “Qanun naminə - Heydər Əliyev salnaməsi” adlı sənədli film nümayiş etdirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.