ELM VƏ TƏHSİL


Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasət

Bakı, 7 may, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü onun xatirəsini həmişə əziz tutan milyonları bir daha öz işığına toplayır, öz nuruna bürüyür. Buna səbəb Heydər Əliyev şəxsiyyətinin tariximizdə, milli siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomenə çevrilməsidir.

Bu fikirlər AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayevin “Ulu öndər Heydər Əliyevin dövlətçilik strategiyasında aqrar siyasət” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

XX əsrin 70-ci illərindən etibarən Ulu Öndərin quruculuq missiyası, xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlarımız üçün geniş zəmin və şərait yaratmışdır. Heydər Əliyev ovaxtkı mövcud rejimin sərt qanunları çərçivəsində Azərbaycanın intibahı və tərəqqisi, iqtisadiyyat, elm və təhsilin yüksəlişi üçün düşünülmüş siyasət həyat keçirmişdi. Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdi. Ulu öndər Heydər Əliyev gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edib. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü və qayğısı sayəsində Sovetlər İttifaqının 50-dən artıq iri şəhərinin 170 nüfuzlu ali məktəbində bütövlükdə 80-dək sahəni əhatə edən 150 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssis kimi hazırlanmasına imkan və şərait yaradılıb.

Həmçinin 1969-1982-ci illərdə Azərbaycan hökumətinin diqqət mərkəzindəki ən ümdə vəzifələrdən biri aqrar sahənin inkişafına qayğının artırılması olub. Məhz bu qayğı ölkəmizdə aqrar sahəni sürətlə inkişaf etdirməyin mümkünlüyünü sübut edib, bu sahədə, sözün əsl mənasında, dönüş yaradıb.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın kənd təsərrüfatını inkişaf etdirmək haqqında geniş tədbirlər planı hazırlandı və 1970-ci il iyul ayının 23-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də kənd təsərrüfatının inkişaf etdirilməsi tədbirləri haqqında” xüsusi qərarı qəbul olundu.

Ulu Öndərin “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında həkk olundu. Başı çox bəlalar çəkmiş ölkəmiz XX əsrin sonunda bir daha sınağa çəkildi. Elə bu dövrdə Heydər Əliyev dünyanın siyasi arenasında yenidən parladı. Onun rəhbərliyə qayıdışı ilə Azərbaycanın uğurlu gələcəyi təmin olundu. Ümummilli lider Heydər Əliyevin şərəfli adı və dövlətçilik fəaliyyəti ilə sıx bağlı olan Azərbaycanın müasir tarixinin mühüm dövrü başladı. Heydər Əliyev malik olduğu fenomenal yaddaşı, qeyri-adi istedadı və biliyi sayəsində dəfələrlə ən çətin problemlərin həlli yollarını tapıb.

Müstəqil Azərbaycan dövlətinin qurulması, müasir Azərbaycan cəmiyyətinin formalaşması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə qısa zamanda iqtisadi tərəqqi nəzərə çarpdı. Belə ki, sürətlə qurulmuş infrastrukturun, neft-qaz sənayesinin və onun əsasında digər sahələrin, aqrar-sənaye kompleksinin dinamik inkişafı və Azərbaycan kəndinin simasının dəyişməsi dövlətin təməlinin möhkəmlənməsinə səbəb oldu. Ona görə də, təsadüfi deyil ki, Ümummilli Lider azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün müstəqil, inkişaf etmiş Azərbaycanın vətəndaşı olmaqdan qürur duyur, Ulu Öndərə hörmət və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.

Beləliklə, Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu. Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ulu Öndər aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. Heydər Əliyev göstərdi ki, müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur.

Beləliklə, kənd təsərrüfatının inkişafı istiqamətində düşünülmüş əsaslı tədbirlər ardıcıllıqla həyata keçirilməyə başlandı və bunun nəticəsində aqrar sahənin inkişafında yeni dönüş mərhələsi start götürdü, kənd təsərrüfatı istehsalının əsaslı yüksəlişi təmin edildi.

Ulu Öndər uzaqgörənliyi sayəsində çox aydın hiss edirdi ki, kənd təsərrüfatına məqsədli vəsait qoymadan yüksək nəticələr əldə etmək mümkün deyil. Doqquzuncu beşillikdə aqrar sahəyə vəsait qoyuluşunun artırılması mühüm vəzifə kimi qarşıda dururdu. O dövrdə respublikamızın kənd təsərrüfatına ayrılan əsaslı vəsaitin miqdarı səkkizinci beşillikdəkinə nisbətən 57,1 faiz və yeddinci beşillikdəkindən isə 2,5 dəfə çox idi. Bu vəsaitin qoyuluşu respublikada kənd təsərrüfatının məhsuldarlığını inkişaf etdirmək üçün torpaqların meliorasiya, irriqasiya və ümumilikdə suvarma sisteminin yaxşılaşdırılmasına yönəldildi. Nəticədə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi.

Ümummilli Lider respublikanın əhalisinin ərzaqla, sənayenin bir çox sahələrinin xammalla təmin edilməsində kənd təsərrüfatının imkanlarından maksimum istifadə edilməsi ilə yanaşı, kənd təsərrüfatı sahəsində iqtisadi islahatların keçirilməsinin sürətləndirilməsini ön plana çəkir, respublikada heyvandarlıq sahəsində özəlləşdirmənin sürətləndirilməsini tələb edirdi.

1994-cü il dekabrın 23-də Ulu Öndər kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində aqrar islahatların vacibliyini bir daha vurğulayaraq bildirdi: “...Aqrar bölmədə iqtisadi islahatlar aparmaq, mülkiyyət formasını dəyişmək, torpaq islahatı keçirmək, sərbəst iqtisadiyyata geniş yol açmaq respublikamızın həyatında çox mühüm, eyni zamanda, son dərəcə əhəmiyyətli, məsuliyyətli və taleyüklü məsələdir”.

Ümummilli Lider ölkəmizin tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunu hər zaman vacib hesab edib.

Qeyd edək ki, 1988-ci ildən 1993-cü ilə qədər Azərbaycan gəncliyi ictimai-siyasi proseslərdən kənarda qalmış, onun potensialı lazımınca qiymətləndirilməmiş, gənclər siyasəti demək olar ki, unudulmuşdu. Məhz buna görə də Heydər Əliyevin hakimiyyətə qayıdışını ən çox alqışlayanlar elə gənclərin özü idi. Ümummilli Lider ölkə gənclərinə arxalandığı kimi, gənclər də onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər.

Beləliklə, bu gün hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin irəli sürdüyü ideyaları öz fəaliyyətində daim rəhbər tutmalı, Azərbaycan gənclərinə daim qayğı göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyinin əbədi yaşaması üçün yumruğunu bir hədəfə vurmalıdır.

Müstəqil Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim nur ələyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.