REGİONLAR
Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır
Cəlilabad, 28 mart, Bağır Əliyev, AZƏRTAC
Martın 28-də Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illiyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad rayon şöbəsinin şəxsi heyətini təbrik edib, ölkəmizin milli maraqlarının, mənafelərinin etibarlı təmin olunması və qorunması istiqamətindəki dəyərli fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Namiq Zeynalov çıxışında xüsusi xidmət orqanlarının ötən dövrdə böyük və şərəfli inkişaf yolu keçdiyini qeyd edərək, DTX-nin respublikada təhlükəsizliyin və sabitliyin qorunmasında mühüm rol oynadığını bildirib.
Qeyd olunub ki, Azərbaycanda təhlükəsizlik orqanlarının fəaliyyətinin böyük bir dövrü ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ən böyük xidmətlərindən biri siyasi tariximizdə ilk dəfə təhlükəsizlik orqanlarının milliləşdirilməsinə nail olmasıdır.
Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün regionun lider dövlətinə çevrilib. Dövlətimizin başçısı Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkəmizin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm və taleyüklü addımlar atır.
Tədbirdə çıxış edən DTX-nin Cəlilabad rayon şöbəsinin rəisi, polkovnik Mehman Qasımov Azərbaycanın təhlükəsizlik orqanlarının keçdiyi yoldan danışıb.
Şərəfli və məsuliyyətli işlərində DTX əməkdaşlarına müvəffəqiyyətlər arzulayan digər natiqlər də onlara təbriklərini çatdırıblar.
Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 100 illik yubileyi münasibətilə DTX-nin Cəlilabad rayon şöbəsinin bir qrup əməkdaşına Cəlilabad Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Sonda tədbir iştirakçıları Azərbaycan təhlükəsizlik orqanlarının 100 illiyinə həsr olunmuş videoçarxa baxıblar.