CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasəti artıq bəhrəsini verir
Bakı, 12 dekabr, Həsrət Mahmudova, AZƏRTAC
Bu gün biz gənclər Ulu Öndərin müəllifi olduğu gənclər siyasətindən bəhrələnirik. Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Bu sözləri dekabrın 12-də ulu öndər Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar Fəxri xiyabana ziyarətə gələn “ASAN Könüllüləri” İctimai Birliyinin üzvü Aytac Nəbizadə AZƏRTAC-a müsahibəsində deyib.
Bildirib ki, dahi rəhbər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyini Vətənə sədaqətli, dövlətə bağlı, yüksək intellektli görmək istəyirdi. Ümummilli Liderimizin arzuları artıq reallığa çevrilib. Bu gün Vətənini canından çox sevən, dövlətimizə bağlı, yüksək intellektli gənclərimiz cəmiyyətdə aparıcı mövqeyə malikdirlər.
“Ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət özünü yeni brendlərin yaradılmasında da göstərir. Belə ki, dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması məhz bu sosial siyasətin təzahürüdür. Agentliyin tərkibində fəaliyyət göstərən “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edir. Biz könüllülər də bu işdə üzərimizə düşən məsuliyyəti anlayır və Prezidentimizin sosial siyasətinə öz töhfəmizi verməyə çalışırıq”, - deyə Aytac Nəbizadə vurğulayıb.