CƏMİYYƏT
Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin tərəqqisinə təkan verdi
Bakı, 12 dekabr, AZƏRTAC
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, Azərbaycan mədəniyyətinin inkişafında yeni bir dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında xalça ustası Mətləb İmanov bildirib.
O qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə təkan verdi. Qədim xalçaçılıq sənətimiz ulu öndər Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi müstəqillik illərində inkişaf etdirildi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra mədəniyyətin digər sahələrində olduğu kimi, xalça sənətində də böyük dirçəliş baş verdi. Ümummilli Liderin xalça sənətinə münasibətinin dərin kökləri var. Belə ki, 1967-ci ildə yaradılmış Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin inkişafında dayaq nöqtəsi ümummilli lider Heydər Əliyevin muzeyə qeyri-məhdud maliyyə yardımına dair müvafiq Fərmanı ilə bağlı olub. Nəticədə Azərbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümunələrinin geniş miqyasda muzey fondunda toplanmasına imkan yaranıb.
Mətləb İmanov Azərbaycanın bugünkü uğurlarının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.