REGİONLAR
Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir
Tərtər, 10 may, AZƏRTAC
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tarixə fenomen şəxsiyyət, qeyri-adi zəkaya malik müdrik dövlət xadimi kimi düşüb. Xalqı, dövləti qarşısında müstəsna xidmətləri ilə əbədilik qazanan Ulu Öndərin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi böyük həyat məktəbidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Tərtərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə keçirilən “Sən elə bir zirvəsən” adlı konfransda səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzi meydanında Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə tər gül-çiçək dəstələri düzüb, dahi rəhbərə öz hörmət və ehtiramlarını bildiriblər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə iştirakçılar ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri düzüb, sonra dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar. Konfransda ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xilaskarlıq rolundan, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, respublikamızın hərtərəfli inkişafında əvəzsiz xidmətlərindən, məqsədyönlü siyasətinin əhəmiyyətindən danışıb. O, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illəri respublikamız üçün “qızıl dövr” adlandırıb. Bildirib ki, Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycan Respublikası öz iqtisadi yüksəliş dövrünə qədəm qoyub. Azərbaycanda 250-dən çox yeni zavod və fabriklər tikilib, yeni qəsəbələr salınıb, neftayırma sənayesi yenidən qurulub, elektrotexnika, radiotexnika, neftayırma, Bakı kondisionerləri zavodu tikilib. Respublikada pambıqçılıq və üzümçülük geniş inkişaf edib.
Diqqətə çatdırılıb ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi illərdə bütün regionlar kimi, Qarabağın dilbər guşələrindən olan Tərtər rayonuna da böyük diqqət və qayğı göstərib. Dahi rəhbər 1969-cu ildə ilk dəfə hakimiyyətə gəldikdə rayonun ictimai-siyasi və iqtisadi həyatında böyük dəyişikliklər olub. Həmin illərdə Tərtər 35-40 min ton pambıq verən, böyük maldarlığa malik olan, sənayesini dirçəldən bir rayona çevrilib. Tərtər şəhərində çoxmərtəbəli evlərdən ibarət bir qəsəbə salınıb, 30-40 mənzilli evlərdən ibarət 8 beşmərtəbəli yaşayış binası tikilib, əhalinin mənzilə olan tələbatını ödəmək üçün 2300 nəfərə həyətyanı torpaq sahəsi verilib. Bundan başqa rayonda 2000 nəfərə yaxın işçi qüvvəsi olan Elektromexanika zavodu, 500-ə yaxın işçi qüvvəsi olan Pambıqtəmizləmə zavodu, 300 nəfər işçi qüvvəsi olan Şirə zavodu, Süd emalı zavodu, Yol tikinti materialları istehsal edən zavodlar istifadəyə verilib. Ümummilli Lider dəfələrlə Tərtərdə olub, 1978-ci ildə Elektromexanika zavodunun açılışında iştirak edib, Sərsəng su anbarının tikintisi ilə maraqlanıb, kənd təsərrüfatı işçilərinin müşavirəsini keçirib.
Tədbirdə rayon polis şöbəsinin rəisi Elçin Qasımov, rayon prokuroru Əli Qurbanov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədov, Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov çıxış edərək, ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında, inkişafında göstərdiyi xidmətləri xüsusi qeyd ediblər.
Sonda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub.