CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafında misilsiz xidmətləri var

Bakı, 8 may, AZƏRTAC

Dövlət Sərhəd Xidmətinin (DSX) bütün hərbi hissə və bölmələrində xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə “Heydər Əliyev və Azərbaycan Sərhəd Mühafizəsi” mövzusunda elmi-praktik seminarlar keçirilir.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, xüsusi tədbirlər planına əsasən hərbi qulluqçuların Heydər Əliyev İdeoloji mərkəzlərinə ekskursiyaları təşkil olunur, hərbi hissələrdə konfranslar, seminarlar, tematik axşamlar keçirilir, Ulu Öndərin nəsillərə nümunə olan həyat və fəaliyyəti barədə filmlər nümayiş etdirilir, mühazirələr oxunur.

Milli Məclisin deputatları Aydın Mirzəzadə, Rauf Əliyev və Elmira Axundovanın iştirakı ilə təşkil olunmuş seminarlar çərçivəsində əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən zəngin fotoekspozisiya ilə tanışlıq olub, dahi öndərin büstü önünə gül dəstələri qoyulub.

Dövlət himninin səslənməsi ilə başlanan tədbirlərdə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söz açılıb, adını tarixə əbədi həkk etmiş nadir şəxsiyyətin, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilərək Vətəninə hədsiz məhəbbət, xalqının tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə böyük sevgi nümunəsi olan qüdrətli siyasi xadimin həyat və fəaliyyətindən danışılıb. Dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illərin intibah, milli tərəqqi, müstəqil dövlət quruculuğu dövrü olduğu qeyd edilən tədbirdə böyük dövlət xadiminin müstəqil Azərbaycanın sərhəd mühafizəsinin inkişafındakı misilsiz xidmətləri minnətdarlıq hissi ilə xatırlanıb. Ulu Öndərin müəllifi olduğu milli sərhəd strategiyasının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə yerinə yetirilməsi, ardıcıl həyata keçirilən islahatlar sayəsində DSX-nin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan quruma çevrilməsi qürur hissi ilə vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurların ulu öndər Heydər Əliyevin əmanət qoyub getdiyi ideyalarının təntənəsi olduğu xüsusi qeyd olunub.

Tədbirlərin sonunda Ulu Öndərin həyat və fəaliyyətinə dair sənədli filmlər nümayiş olunub, incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.