SİYASƏT


Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti çox böyük uğurlara imza atıb


Ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycan
dövləti çox böyük uğurlara imza atıb

Bakı, 26 noyabr, AZƏRTAC

Otuz il bundan əvvəl Yeni Azərbaycan Partiyasının yaradılması həm tarixi zərurət, həm də ictimai sifariş idi. 1992-ci il noyabrın 21-dəki reallıqlara baxsaq, bunun həqiqət olduğuna bir daha əmin ola bilərik. O vaxt ölkə, sözün həqiqi mənasında, xaos içərisində idi. Belə olan vəziyyətdə Azərbaycan dövlətinin və millətinin taleyi çox böyük sual altına düşmüşdü. Bütün bu reallıqlar fonunda Azərbaycanın görkəmli nümayəndələri, vətənpərvər insanlar, ölkənin gələcəyini düşünənlər ulu öndər Heydər Əliyevə müraciət etdilər ki, gəlib xalqı, milləti xilas etsin. O zaman Yeni Azərbaycan Partiyasının formalaşdırılması ideyası ortaya çıxdı və beləliklə Yeni Azərbaycan Partiyası yaradıldı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, noyabrın 21-də Bakıda Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi yüksək səviyyədə qeyd olunub, Prezident İlham Əliyev bu tədbirdə çıxış edib. Dövlətimizin başçısı çıxışında 1990-cı ilin əvvəllərinin reallıqlarına olduqca dəqiq və obyektiv qiymət verib. Deyib ki, Yeni Azərbaycan Partiyası yarananda müxalifət partiyası kim formalaşıb. Yaradılmasından yeddi ay sonra hakimiyyətə gəlib. Gəlişi ilə də müxalifət partiyanın hakimiyyətə necə gəlməsinin formulunu, düsturunu ortaya qoyub. Bu yol yalnız xalqın sevgisini qazanmaqdan keçirdi. Xalqın böyük etimadını və etibarını qazanan Yeni Azərbaycan Partiyasının 1993-cü ilin iyununda hakimiyyətə gəlməsi ilə ölkə tarixində yeni dövr, yeni mərhələ başlandı.

“Prezident İlham Əliyev 1993-cü ildən 2003-cü ilə qədər olan dövrü sabitlik və inkişaf dövrü kimi xarakterizə etdi. Qeyd etdi ki, bu illər ərzində ulu öndər Heydər Əliyev müstəsna xidmətlər göstərdi. Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini elan etsə də, onun konstitusiyası yox idi. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının Konstitusiyasını yaratdı, onun hüquqi sistemini formalaşdırdı, qanunun aliliyini təmin etdi, məhkəmə sistemində ciddi islahatlar həyata keçirdi, xüsusilə də söz, mətbuat azadlığının təminatı sahəsində böyük işlər gördü, ölkəmizdə ölüm hökmü, senzura ləğv edildi. Bununla da bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir”, - deyən E.Nəsirov vurğulayıb ki, bu dövrdə xüsusilə ölkənin iqtisadi vəziyyəti olduqca acınacaqlı durumda idi və bu fəlakətli vəziyyətdən çıxış yolu, ilk növbədə, “Əsrin müqaviləsi”nin imzlanmasından keçirdi. “Əsrin müqaviləsi”nin imzalanması üçün ümummilli lider Heydər Əliyev, ilk növbədə, həm ölkədaxili sabitliyi təmin etdi, eyni zamanda, hərbi müstəvidə uğurlara imza atdı, mütəşəkkil ordu formalaşdırdı və uğurlu xarici siyasət kursu həyata keçirdi. Nəticədə dostlarımızın sayı çoxaldı, Azərbaycana etimad artdı, bu da “Əsrin müqaviləsi”nin imzalanmasına gətirib çıxardı. Məhz 1994-cü ildən başlayaraq Azərbaycanın iqtisadi həyatında ciddi dəyişikliklərin əsası qoyuldu. Sonralar bunun sayəsində Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri istismara verildi. Nəticə etibarilə Azərbaycan enerji təhlükəsizliyi sahəsində çox ciddi uğurlara imza atdı. Təkcə ölkənin enerji təhlükəsizliyi təmin edilmədi, Azərbaycan həm də Avropa və dünyanın enerji təhlükəsizliyi sisteminə çox ciddi töhfələr verdi. Bu gün ölkəmiz bunun çox böyük bəhrələrini hiss edir. Ulu öndər Heydər Əliyevin yaratdığı müstəqil Azərbaycan dövləti çox böyük uğurlara imza atıb, tarixi nailiyyətlərə qazanıb.

Milli Məclisin deputatı qeyd edib ki, Prezident İlham Əliyev bu gün də bütün sahələrdə ulu öndər Heydər Əliyevin siyasətinin davam etdirildiyini bildirərək deyib: “Güclü ordu quruculuğu. Bu da Ulu Öndərin bizə olan vəsiyyəti idi. Bu gün Azərbaycan Ordusu artıq özünü təsdiqləyib, cəmi 44 gün ərzində düşməni tarixi torpaqlarımızdan qovub, tarixi ədaləti bərpa edib, xalqımızın qürurunu bərpa edib və bu gün Azərbaycan dövlətinin təhlükəsizliyinin qarantıdır. Biz ordu quruculuğuna həmişə çox böyük diqqət göstərmişik. Bəzi işlər ictimai diqqətə də təqdim edilirdi, bəzi işləri biz daha çox konfidensial, yəni, məxfi şəraitdə aparırdıq, bu da başadüşüləndir. Amma nəticə etibarilə elə bir qəhrəmanlıq, elə bir peşəkarlıq göstərdik ki, bu, bu gün bir çoxları üçün nümunədir”.

Elman Nəsirov diqqətə çatdırıb ki, bu gün qarşımızda Qarabağın, Şərqi Zəngəzurun bərpası və yenidən qurulması kimi çox mühüm məsələlər dayanır. Bu istiqamətdə də sistemli və ardıcıl işlər görülür, Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması prosesi çox böyük uğurla həyata keçirilir.

“Prezident İlham Əliyev, eyni zamanda, bizim bütün uğurlarımızın kökündə dayanan fundamental səbəbin xalq və hakimiyyət birliyi olduğunu deyib. Diqqətə çatdırılıb ki, hakimiyyət məhz xalqın mənafeyindən irəli gələn siyasət yürüdür, xalq da bunu görür və birmənalı şəkildə dəstəkləyir. Növbəti tarixi qələbələrimizi şərtləndirən bu birliyimizi daim möhkəmləndirməli və gücləndirməliyik”, - deyə Milli Məclisin deputatı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.