REGİONLAR
Ulu öndər Heydər Əliyevin siyasəti yaşayır və yeni formalarla zənginləşir
Lerik, 15 iyun, Bağır Əliyev, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Lerik Rayon Təşkilatının Gənclər Birliyi və Qadınlar Şurasının, rayondakı Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Milli Qurtuluş Gününə həsr olunmuş videoçarxa baxıblar.
Toplantıda çıxış edən YAP Lerik Rayon Təşkilatının Gənclər Birliyinin sədri Nüsrət Kərimov bildirib ki, zamanı qabaqlayan, cəmiyyəti gələcəyə doğru apara bilən tarixi şəxsiyyətlər təmsil etdikləri xalqın taleyində mühüm rol oynayırlar. Müasir Azərbaycan tarixində çox önəmli xidmətlər göstərmiş ümummilli lider Heydər Əliyev məhz belə dahi şəxsiyyətlərdəndir.
Xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin və millətimizin qurtuluşu oldu. Bu böyük qayıdış, milli qurtuluş sayəsində Azərbaycan sürətlə inkişaf edərək Cənubi Qafqazda lider dövlətə çevrilib.
Prezident İlham Əliyevin sözləri ilə desək, ”İndiki müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Azərbaycanda Heydər Əliyevin siyasəti yaşayır, möhkəmlənir, yeni formalarla zənginləşir”.
Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildən başladığı xilaskarlıq və quruculuq missiyasını bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir.
Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında əvəzolunmaz xidmətlərindən danışıblar.
Sonda şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Kənan Seyfullayev Milli Qurtuluş Gününə, Heydər Əliyevə və Azərbaycana həsr olunmuş şeirlər oxuyub.