SİYASƏT


Ulu öndər Heydər Əliyevin şüara çevrilən müdrik fikirləri Azərbaycan əsgərini daha böyük qələbələrə ruhlandırır

Bakı, 14 dekabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin və ordusunun qurucusu ulu öndər Heydər Əliyevin xatirəsi daim ehtiramla yad edilir. Dahi şəxsiyyətin əbədiyyətə qovuşmasının 16-cı ildönümü ilə əlaqədar Ümummilli Liderin məzarı və şərəfinə ucaldılan möhtəşəm abidələri minnətdarlıqla ziyarət olunur. Dahi rəhbərin şüara çevrilən və daim xatırlanan “Tarix həmişə hər şeyi öz yerinə qoyur”, “Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir”, “Ədalətsizliklə ədalət bərpa etmək olmaz”, “Öz ana dilini bilməyən adamlar şikəst adamlardır”, “Ağıl olan yerdə zora ehtiyac yoxdur”, “Xalq gərək daim öz kökünü xatırlasın”, “Tariximizin hər səhifəsi bizim üçün əzizdir”, “Tarix heç nəyi silmir”, “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir”, “Gərək nəbzin Vətənin nəbzi ilə vursun” və digər müdrik kəlamları hər bir vətəndaşımızı Vətənə, xalqa, dövlətə sədaqətlə xidmət etməyə ruhlandırır.

Hər biri hava, su kimi qiymətli olan, zamanın sınaqlarından çıxaraq bu günümüzlə səsləşən bu fikirlər xalqımızın xoşbəxt gələcəyə gedən yolunda mayak rolunu oynayır. Ulu Öndərin Vətən müdafiəçiləri - Azərbaycan Ordusunun şəxsi heyəti qarşısında etdiyi çıxışlar, söylədiyi fikirlər bu gün Azərbaycan əsgərinin fəaliyyətini istiqamətləndirir və onların yollarına işıq saçır. İyirmi altı il əvvəl əbədiyaşar Ali Baş Komandanımız Bakı ətrafında yerləşən hərbi hissələrdən birində döyüşçüləri cəbhəyə yola salarkən onlara xeyir-dua verərək demişdi: “Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durun. Vətəni qoruyun. Xalq, Vətən sizin şücaətinizi layiqincə qiymətləndirəcək və heç vaxt unutmayacaqdır”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dekabrın 13-də həmin hərbi hissənin ərazisində yeni salınmış müasir hərbi şəhərciyin klubunda Müdafiə Nazirliyinin və Bakı Bələdiyyə Teatrının birgə təşkilatçılığı ilə keçirilən növbəti vətənpərvərlik tədbirində Ulu Öndərimizin şüara çevrilən bu fikirləri də bir daha xatırlanıb və Azərbaycan əsgərini daha böyük qələbələr qazanmağa ruhlandırıb.

Çıxış edənlər bildiriblər ki, Bakı Bələdiyyə Teatrının təqdimatında “Çingiz dastanı” ikihissəli mənzum tamaşasının (müəllifi və quruluşçu rejissoru Abdulla Qurbanidir) qəhrəmanı da Vətənin, torpağın keşiyində daha cəsarətlə, daha mətinliklə durub, Vətəni qoruyub, doğma yurdu uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalıb. O, xalqımızın, Vətənimizin şücaətini layiqincə qiymətləndirdiyi, heç vaxt unutmadığı, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, adı əbədiləşdirilmiş Azərbaycan Ordusunun əsgəri Çingiz Salman oğlu Qurbanovdur.

Tamaşaçılar Çingizin qəhrəmanlıq nümunəsi olan, Vətənə, xalqa, dövlətə həsr edilən qısa, lakin şərəfli ömür yolunu maraqla izləyiblər. Tədbir iştirakçıları Vətənə Çingiz kimi qəhrəman, valideynlərinə layiqli oğul, Ordumuza isə mərd, qorxmaz, dəyanətli, cəsarətli əsgər olmağa söz veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.