SİYASƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi Ankara Universitetində anılıb VİDEO

Ankara, 14 dekabr, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar Ankara Universitetində anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, mərasim Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin və Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Sonra Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, bu qrupun sabiq rəhbəri, Ankara Universitetinin rektoru Necdət Ünüvar çıxış ediblər.

Çıxışlarda ulu öndər Heydər Əliyevin xalqımızın rifahı, dövlətimizin inkişafı, Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsi ilə bağlı gördüyü işlərdən danışılıb. Diqqətə çatdırılıb ki, 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələndə parçalanmaq təhlükəsində olan Azərbaycanı təlatümlərdən xilas edən Ulu Öndərin müəyyən etdiyi uzaqgörən inkişaf strategiyasının addım-addım gerçəkləşməsi iki qardaş ölkə üçün eyni dərəcədə bəhrə verməkdədir. Ötən dövrdə Azərbaycanda güclü ordu qurulub, ölkənin beynəlxalq aləmdəki mövqeləri güclənib, xalqın rifahı yüksəlib.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusunun təcavüzkar Ermənistanın işğalçı qüvvələrini darmadağın edərək düşmən tapdağı altında olan torpaqları azad etməsi ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının uğurla davam etdirilməsinin nəticəsidir. Prezident İlham Əliyevin söylədiyi və dillər əzbəri olan “Qarabağ Azərbaycandır!” şüarı şanlı Zəfərin qazanmasında xalqın birlik çağırışına çevrilib.

Qafqaz İslam Ordusunun şərəfli tarixi missiyasından danışan çıxışçılar bildiriblər ki, hazırda Azərbaycan və Türkiyə arasında bütün sahələrdə, o cümlədən ordu quruculuğu və hərbi təhsil sahəsindəki əməkdaşlıq özünün böyük bəhrəsini verməkdədir. Əminliklə vurğulanıb ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri tarixdə və günümüzdə olduğu kimi, gələcəkdə də uğurla davam edəcək.

Çıxışlarda Heydər Əliyevin və Mustafa Kamal Atatürkün xalqlarımızın və ölkələrimizin birliyi və inkişafı yolundakı qətiyyətli mövqeləri arasında paralellər aparılıb.

Daha sonra ulu öndər Heydər Əliyev tərəfindən 2001-ci il martın 16-da Ankara Universitetinin həyətində əkilmiş Mavi Ladin ağacının yanında qurulan xatirə lövhəsinin açılışı olub. Bu lövhənin açılışı bir daha göstərir ki, ümummilli lider Heydər Əliyevin hər addımı bir tarix, zəngin fəaliyyətinə dair hər bir tarix öz-özlüyündə silinməz bir xatirədir. Lövhənin üzərində ağacın əkilmə tarixi və həmin anları xatırladan foto həkk olunub.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.