SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi Aşqabadda da yad edilib
Aşqabad, 10 dekabr, АZƏRTAC
Azərbaycanın Türkmənistandakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Tədbirdə müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən səfir Həsən Zeynalov dahi şəxsiyyətin şərəfli həyat yolundan və xalqımız üçün xidmətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində əvvəlcə Naxçıvanda, sonra isə bütün Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini vurğulayıb. Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın hərtərəfli tərəqqisində misilsiz nailiyyətlər qazanıldığı, habelə ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsinin məhz Heydər Əliyev əməyinin nəticəsi olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb. H.Zeynalov əsası Ümummilli Lider tərəfindən qoyulmuş siyasəti bu gün dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyini bildirib. Vurğulayıb ki, yalnız Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyin itirilməsi təhlükəsindən qoruya bildi. Öz uzaqgörən və dahiyanə siyasəti ilə ümummilli lider Heydər Əliyev ölkə daxilində sabitlik əldə edilməsinə, dövlətçiliyin əsaslarının qoyulmasına, ölkənin iqtisadi inkişaf strategiyasının yaradılmasına, cəbhədə isə atəşkəs elan edilməsinə nail oldu. Heydər Əliyev özünün siyasi dahiliyi ilə müasir Azərbaycanın bugünkü simasını müəyyənləşdirib və xalqımızın həyatında, tarixində silinməz iz qoyub.
Tədbirdə Türkmənistan ictimaiyyətinin nümayəndələri, soydaşlarımız, səfirliyin əməkdaşları iştirak ediblər.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad