SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi Küveytdə də yad edilmişdir
Bakı, 9 may (AZƏRTAC). Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Küveytdə silsilə tədbirlər keçirilir. Küveytdə yaşayan, işləyən, təhsil alan həmvətənlərimizin təşəbbüsü və bu ölkədəki səfirliyimizin təşkilatçılığı və dəstəyi ilə Əl-Küveyt şəhərində Ulu Öndərin xatirəsinə həsr olunmuş stend atıcılığı müsabiqəsi keçirilmişdir. Müsabiqədə küveytlilər, ölkədə yaşayan Azərbaycan, türk vətəndaşları iştirak etmişlər. Azərbaycanın və Türkiyənin Küveytdəki səfirləri Tural Rzayev və Murad Tamer müsabiqənin qaliblərinə qızıl, gümüş və bürünc medalları təqdim etmişlər.
Sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edən səfir T.Rzayev Ulu Öndərin şərəfli həyat yolundan, zəngin siyasi təcrübəsindən, xalqımız qarşısında misilsiz xidmətlərindən danışmış, müasir müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu vurğulamışdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirdiyi diqqətə çatdırılmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Küveytin yüksək tirajlı “Əl-Ray” və “Əl-Vasat” qəzetlərində Ulu Öndərə həsr olunmuş məqalələr dərc edilmişdir.
Cari ilin oktyabr ayında isə Heydər Əliyev adına II Beynəlxalq konkur müsabiqəsi keçiriləcəkdir. Bu müsabiqə ilk dəfə 2013-cü ildə keçirilmiş və Küveyt ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanmışdır.