MƏDƏNİYYƏT


Ulu öndər Heydər Əliyevin xatirəsi Milli Kitabxanada da anılıb

Bakı, 8 may, AZƏRTAC

Mayın 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında oxucuların, kitabxana işçilərinin və Xətai rayonu 17 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir və “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı sərginin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə kitabxananın direktoru Kərim Tahirov Ulu Öndərin həyat və fəaliyyəti, onun müstəqil Azərbaycan Respublikasının qurulması və möhkəmlənməsində, dövlətimizin inkişafındakı əvəzolunmaz xidmətlərindən, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği istiqamətində aparılan mədəniyyət siyasətindən, milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyərdən geniş söhbət açıb. Bildirilib ki, mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.

K. Tahirov söyləyib ki, Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu Öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib.

“Çağdaş kitabxana quruculuğunun özülü də məhz 70-ci illərin əvvəllərində, Ulu Öndərin birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.

1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərci-mərcilik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq dilemması ilə üzləşmişdi. Məhz bu dövrdə Ulu Öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı”, - deyə kitabxananın direktoru vurğulayıb.

Diqqətə çatdırılıb ki, Ulu Öndər dörd dəfə Milli Kitabxanada olub: “Hər gəlişi zamanı bir yenilik gətirib və hər birində öz qeydləri, fikirləri olan öz şəxsi kolleksiyasından ibarət kitabları kitabxanamıza hədiyyə etməklə bir növ ziyalılar üçün çağırış edərək kitabxanaya kitab bağışlama ənənəsini yaratmışdır”.

Direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva, şöbə müdiri Səyyarə Məmmədli ictimai-siyasi və şərəfli fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətini yaradan və onun gələcək inkişaf istiqamətlərini müəyyən edən dahi şəxsiyyətin həyat və fəaliyyətindən, kitabxanaya diqqət və kitabxana işçilərinə qayğısından danışıblar.

Sonda tədbir iştirakçıları Ulu Öndərə həsr edilmiş “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti Heydər Əliyev” adlı sərgi ilə tanış olublar.

Sərgi bir həftə açıq qalacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.