SİYASƏT
Ulu öndər Heydər Əliyevin xatirəsi Misirdə də yad edilib
Qahirə, 12 dekabr, AZƏRTAC
Misirin Qalyubiyyə vilayətinin Kanatır əl-Xeyriyyə şəhərində yerləşən Misir-Azərbaycan Parkında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Ulu Öndərin abidəsi önündə keçirilən tədbirdə Azərbaycanın Misirdəki səfirliyinin əməkdaşları, Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi - “Vətənpərvər”in üzvləri, tələbələrimiz, Qalyubiyyə qubernatorunun mədəniyyət və təhsil məsələləri üzrə müavinləri, qubernatorluğun digər rəsmiləri, parkda yerləşən xeyriyyə-təhsil mərkəzinin rəhbərliyi, misirli məktəblilər iştirak ediblər.
Tədbirdə Ümummilli Liderin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidəsi önünə gül-çiçəklər qoyulub.
Parkda yerləşən xeyriyyə-təhsil mərkəzinə gələn tədbir iştirakçıları burada təşkil olunan fotosərgiyə və Azərbaycanla bağlı stendlərə baxıblar.
Səfir Tural Rzayev tədbir iştirakçılarına Ulu Öndərin keçdiyi zəngin həyat yolu, Azərbaycan tarixindəki misilsiz rolu barədə məlumat verib.
Səfirliyimizin binasında keçirilən anın tədbirlərində də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndər barədə film göstərilib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinin yad edilməsi ilə bağlı tədbirləri Misirin MENA xəbərlər agentliyi geniş işıqlandırıb, bu barədə məlumatlar digər kütləvi informasiya vasitələri tərəfindən də yayılıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə