İDMAN
Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq cüdo turniri başa çatıb
Azərbaycan komandası yarışda üçüncü yeri tutub
Bakı, 12 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq cüdo turniri mayın 12-də başa çatıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən turnirdə 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanan Azərbaycan komandası ümumi hesabda üçüncü yeri tutub.
Komandamızın aktivinə qızıl medalı Hidayət Heydərov (73 kq), gümüş medalları Nicat Şıxəlizadə (66 kq) və Məmmədəli Mehdiyev (90 kq), bürünc medalları isə Rüstəm Orucov, Telman Vəliyev (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) yazdırıblar.
Bu nəticə ilə Azərbaycan Fransa, Almaniya, Hollandiya kimi cüdo ölkələrini qabaqlayıb.
Bakı turnirinin qalibi 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan Yaponiya yığması olub. Braziliya komandası 2 qızıl, 1 bürünc medalla ikinci yeri tutub.
Qeyd edək ki, yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparıb. Millimiz turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunub.