CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan çempionatın qalibləri mükafatlandırılıb

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə təşkil etdiyi QHT-lər arasında atıcılıq çempionatının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Şuradan AZƏRTAC-a bildiriblər ki, çempionatda QHT-lərin Azəri Yurdu Gənclərin İctimai Birliyi, Bakı Gənclər Klubu, Sağlam Düşüncə Gənclər İctimai Birliyi, İstedadlı Əlillər İctimai Birliyi, Konstitusiya Araşdırmalar Fondu və Binəqədi Rayon İcra hakimiyyəti, bələdiyyə, gənclər, YAP və veteranların komandaları iştirak ediblər. Başlanğıc, yarımfinal, final olmaqla üç mərhələ üzrə keçirilən yarışda birinci yeri Veteranlar, ikinci yeri YAP, üçüncü yeri isə İstedadlı Əlillər İctimai Birliyi komandası qazanıb.

Çempionat qaliblərinin mükafatlandırılması mərasimində Şura sədri, deputat Azay Quliyev və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov iştirak ediblər.

Mərasimdə çıxış edən Azay Quliyev və Xaləddin İsgəndərov bu cür çempionatların keçirilməsinin vətəndaşların, xüsusilə gənclərin vətənpərvərlik hisslərinin güclənməsində, hərbi hazırlıq səviyyəsinin artırılmasındakı rolunun əhəmiyyətini vurğulayıblar.

Mükafatlandırma mərasimindən sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda gənclərlə görüş keçirilib. Azay Quliyev müasir müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin əsaslarını möhkəm özüllər üzərində qurduğunu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini deyib. Şura sədri ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayaraq gənclərin daim bu irsə böyük ehtiram və sədaqətlə yanaşdığını qeyd edib.

X.İsgəndərov çıxışında ümummilli lider Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulmasındakı xidmətlərindən bəhs edib. O, müasir dövrdə gənclərin dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunduğunu və onların gələcək həyatlarını Ümummilli Liderimizin tövsiyələri istiqamətində qurmalı olduqlarını vurğulayıb.

Görüşdə Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvana edilən I və II tur tanışlıq səfərlərinin iştirakçısı olmuş Binəqədi rayon məktəblərinin şagirdlərinə sertifikatlar təqdim edilib. Məktəblilər onların ölkəmizin müxtəlif guşələri ilə əyani tanışlığı üçün yaradılan şəraitə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

Daha sonra gənclər onları maraqlandıran suallarla qonaqlara müraciət edib və görüş diskussiya formasında davam etdirilib.

Qeyd edilib ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.