ELM VƏ TƏHSİL


“Ululu Kərim” kitabı çapdan çıxıb

Bakı, 15 avqust, AZƏRTAC

AMEA Folklor İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Ululu Kərim (həyatı, yaradıcılığı və əsərləri)” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.

AZƏRTAC xəbər verir ki, B.Rzayeva Ordubad, Şahbuz, Culfa, Şərur bölgələrini qarış-qarış gəzərək, Ululu Kərimlə bağlı bilgiləri, yaddaşlarda yaşanan poetik örnəkləri toplayıb. O, bu nümunələrin yaranması haqqında əhvalatları da yazıya alıb, daha doğrusu, həmin çeşidli folklor örnəklərinin yaranma səbəbinə aydınlıq gətirib. Təxminən bir neçə şeirlə yaddaşlarda yaşayan sənətkarın altı bayatısı, beş gəraylısı, otuz beş qoşması, üç bağlaması, bir vücudnaməsi, üç divanisi kitabda yer alıb.

Kitabda bildirilir ki, İrəvan, Dərələyəz, Dərəçiçək, Naxçıvan, Göyçə aşıq mühitlərinin zəngin ənənələrinə bağlı olan Ululu Kərim fitri istedadı ilə aşıq yaradıcılığına əvəzsiz töhfələr verib. Onun yaratdığı bayatı, gəraylı, qoşma, bağlama, divani və s. örnəklər yüksək sənət nümunəsi təsiri bağışlayır. Naxçıvan aşıq mühitinin zənginliyində Ululu Kərimin el şairi kimi mühüm rolu olub. Onun sənətkarlıq etibarilə bir-birindən mükəmməl poetik örnəkləri və ustadnamələri buna nümunədir.

Müəllifin həm tədqiqatçılıq, həm də material toplama bacarığı sayəsində ərsəyə gələn nəşr Naxçıvan aşıq mühiti və bütövlükdə Azərbaycan aşıq sənətində Ululu Kərimin yeri haqqında dolğun təsəvvür formalaşdırır. Bütün bunlar sonrakı araşdırmalar üçün imkanlar yaradır və daha sistemli təhlillərin aparılmasını zərurət kimi qarşıya qoyur.

Kitabın redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.