CƏMİYYƏT
Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib
Bakı, 20 noyabr, AZƏRTAC
İyunda Azərbaycanda keçirilən BMT-nin Dövlət Xidmətləri Forumu zamanı 9 ölkə tərəfindən ASAN Beynəlxalq Assosiasiyasının yaradılması ilə bağlı niyyət protokolu imzalanıb. Hazırda ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib. Dekabrda Azərbaycanda üzv ölkələr tərəfindən ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsinin təsdiq edilməsi ilə əlaqədar tədbir keçiriləcək. Bu istiqamətdə işlər davam edir. Nizamnamənin təsdiqindən sonra ASAN Beynəlxalq Assosiasiyası beynəlxalq statuslu təşkilata çevriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev noyabrın 20-də keçirilən tədbirdə məlumat verib.
“ASAN Beynəlxalq Assosiasiyası Azərbaycan tərəfinin təşəbbüsü ilə yaradılmış təşkilatdır. Onun yaradılmasında əsas məqsəd dövlət xidmətləri sahəsində uğurlu təcrübələrin, modellərin təşviqi və digər ölkələrdə tətbiqidir. “ASAN xidmət”in təşəbbüslə çıxış etməsi onun digər ölkələrdə tətbiqinə şərait yaradacaq”, - deyə agentliyin sədri qeyd edib.
Ü.Mehdiyev ölkəmizdə növbəti “ASAN xidmət” mərkəzlərinin açılması mövzusuna da toxunub. Agentliyin sədrinin sözlərinə görə, Tovuz, Kürdəmir, Ağcabədi və Şamaxıda yaradılacaq “ASAN xidmət” komplekslərində işlər yekunlaşmaq üzrədir. O bildirib ki, tezliklə həmin komplekslərin açılışı olacaq və onlar fəaliyyətə başlayacaq.