CƏMİYYƏT


Ülvi Mirzəyev: Azərbaycanda invaziv kardiologiya sahəsində kifayət qədər inkişaf etmiş mərkəzlər mövcuddur

Bakı, 28 noyabr, Göyçək Mahmudlu, AZƏRTAC

Müdaxiləvi kardiologiya - invaziv kardiologiya müasir kardiologiyanın əsas sahələrindən biridir. Müdaxiləvi kardiologiya ağır ürək-damar xəstəliklərinin müalicəsində əsas rol oynayan müasir müayinə və müalicə üsullarındandır. Ölkəmizdə bu istiqamətdə kifayət qədər inkişaf etmiş mərkəzlər, peşəkarlar və onları ümumiləşdirən bir cəmiyyət mövcuddur. Bizim əsas cəmiyyətimiz Azərbaycan Kardiologiya Cəmiyyətidir. Cəmiyyətin nəzdində invaziv kardiologiyanın İşçi Qrupu fəaliyyət göstərir. Həmin qrupda bu sahədə fəaliyyət göstərən əsas mütəxəssislər yer alıblar. Bu işlərin daha yaxşı icra edilməsi üçün beynəlxalq təcrübə və fikir mübadiləsi də çox vacibdir. Ona görə də hər zaman biz həmkarlarımızla toplanıb bu sahədə olan yenilikləri müzakirə edir, öz təcrübəmizi təkmilləşdiririk.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin İnvaziv işçi qrupunun rəhbəri Ülvi Mirzəyev deyib.

Azərbaycanda ilk dəfə canlı yayımlarla bərabər nəzəri mühazirələrlə gücləndirilmiş konqresin keçirildiyini qeyd edən Ü.Mirzəyev bildirib: “Konqresdə 8 canlı yayım təşkil olundu. Onlardan dörd əməliyyat Azərbaycandan, ikisi Türkiyədən, biri Özbəkistandan, biri isə İsraildən yayımlandı. Canlı bağlantılarda icra edilən əməliyyatlarla bərabər xəstənin vəziyyəti, xəstəlikləri və onun üzərində aparılan müdaxilə müzakirə edildi. Xüsusilə gənc invaziv kardioloqlar bu proseslərin addım-addım necə aparılmasını izlədilər. Bu da onların təcrübə qazanması üçün əhəmiyyətlidir. Belə toplantıların davamlı olacağına inanır, kardiologiyanın, xüsusilə də invaziv kardiologiyanın inkişafına təkan verəcəyinə ümid edirik”.

Türkiyəli həmkarlarına minnətdarlığını bildirən Ü.Mirzəyev deyib: “Türk Kardioloji Dərnəyi geniş heyətlə toplantıda təmsil olunub. Eyni zamanda, Qırğızıstan, İsrail, Gürcüstan, Almaniya, Özbəkistan, Avstraliya və İrandan olan həmkarlarımız da konqresdə iştirak ediblər. Sevindirici hal odur ki, xaricdə yaşayan azərbaycanlı həkimlər də konqresə gəlib məruzələrlə çıxış ediblər.

Ü.Mirzəyevin sözlərinə görə kəskin hallarda, yəni xəstə kəskin infarkt olduğu zaman, onda ürəktutması başlayanda ilk dəqiqələrdə müdaxilə etmək çox vacibdir. Bu zaman invaziv müdaxilənin rolu böyükdür. İnvaziv müdaxilə prosedurları sadəcə kəskin xəstələrdə tətbiq olunmur. Həmin prosedur ciddi ürək-damar problemi, xroniki xəstəlikləri olan stabil xəstələr üzərində də icra olunur. Ümumilikdə bütün ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan üsullardır. Açıq cərrahiyyə, medikamentoz müalicə və reabilitativ xidmətlərlə yanaşı, tətbiq edilən əsas üsullardan biridir.

"Hazırda kateter laboratoriyaları dörd şəhərimizdə fəaliyyət göstərir. Bakıda 25-dən çox mərkəz var, ikisi Sumqayıtda, biri Gəncədə, biri isə Naxçıvandadır. Bizim əsas məqsədimiz həmin mərkəzlərin bütün rayonlarda eyni dərəcədə hər bir Azərbaycan vətəndaşını əhatə etməsidir. Bununla əlaqədar olaraq dövlətimizlə, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə kifayət qədər yaxın əməkdaşlıq aparılır. Ümid edirəm ki, yaxın zamanlarda bu cür müdaxilələr günün istənilən vaxtında hər bir Azərbaycan vətəndaşı üçün əlçatan olacaq", - deyə işçi qrupunun rəhbəri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.