SİYASƏT


Ülviyyə Ağayeva: Fiziki məhdudiyyətli insanlar üçün stimul yaradılmalı, onların cəmiyyətə fəal inteqrasiyasına yardım edilməlidir

Strasburq, 24 yanvar, AZƏRTAC

Fiziki məhdudiyyətli insanlara tam diqqət və qayğı beynəlxalq hüquq və siyasətin əsas məsələlərindən biridir. Həmkarlarımız fiziki məhdudiyyətli insanlar, onların həyat şəraiti, cəmiyyətdə üzləşdikləri problemlər, əmək bazarında rast gəldikləri çətinliklərdən söz açdılar. Əsas məsələ isə bizim nə edəcəyimizdən asılıdır. Bu sahədə köklü dəyişikliklər etmək üçün bir-birimizdən bir yerdə işləməyi öyrənməli, belə insanların özlərini bizim aramızda tamhüquqlu hiss etməsi üçün nə etmək lazım olduğunu aydınlaşdırmalıyıq.

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva qurumun qış sessiyası çərçivəsində "Əlillər üçün – inklüziv işçi qüvvəsi" mövzusunda hesabatının müzakirəsi zamanı söyləyib. O bildirib ki, əlillərin ictimai həyatda iştirak etməsində ciddi çətinliklər, onlara münasibətdə mənfi stereotiplər mövcuddur. Ancaq onlar cəmiyyətin digər üzvləri ilə bərabər imkanlara malik olmalıdırlar. Təəssüf ki, bəzi ölkələrdə fiziki məhdudiyyətli insanlar hüquqlarının pozulması halları, həyat və məişət çətinlikləri ilə üzləşirlər. Hətta onların iş tapmaq imkanları da bir çox hallarda süni şəkildə məhdudlaşdırılır.

Azərbaycanlı deputat bildirib ki, bərabərhüquqlu insanlardan ibarət cəmiyyət yaratmaq üçün fiziki məhdudiyyətli insanlarla əməkdaşlıq edilməli və onların hüquqları təmin olunmalıdır. Onlar üçün müvafiq iş şəraiti yaradılmalı, özəl sektorda iştirakı təmin edilməlidir. Onlar üçün stimul yaradılmalı, cəmiyyətə daha fəal inteqrasiyasına yardım edilməlidir. Deputat təklif edib ki, fiziki məhdudiyyətli insanların cəmiyyətin tamhüquqlu üzvlərinə çevrilməsi üçün onların işlə təmin olunmasına yeni müstəvidən baxmaq, onlar üçün yeni imkanlar axtarmaq lazımdır.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.