SİYASƏT


Ülviyyə Ağayeva: Nifrət dolu çıxışlar, dözümsüzlük Avropa Şurasının dəyərlərinə zərbə vuran problemlərdəndir

Strasburq, 10 aprel, AZƏRTAC

Bütün insanların bərabər imkanlar və rəftar hüququna sahib olmaları hər bir sabit cəmiyyət üçün vacibdir. Nifrət dolu çıxışlar və dözümsüzlük Avropa Şurasının və onun üzv dövlətlərinin dəyərlərinə zərbə vuran problemlərdəndir. Hər il minlərlə insan nifrətin müxtəlif təzahürlərinin qurbanı olur ki, bu da ölkələrimizin təhlükəsizliyinə və ümumilikdə dünyanın sabitliyinə təhdid yaratmaqda davam edir. Minlərlə insan etnik, irqi, milli, dini, əqidə, siyasi və sosial mənsubiyyətinə görə təcavüzə, təqibə, təhqirə, təhdidə məruz qalır.

Bu fikirləri AŞPA-da “Nifrət və dözümsüzlük çıxışlarına qarşı mübarizədə siyasi liderlərin rolu və məsuliyyəti” mövzusu üzrə birgə müzakirələrdə qurumdakı nümayəndə heyətimizin üzvü Ülviyyə Ağayeva söyləyib.

Deputat bildirib ki, müzakirə olunan bu mövzu qlobal əhəmiyyət daşıyan insan hüquqlarının müdafiəsinin həlli ilə bilavasitə bağlıdır. Nifrət dolu çıxışların həlli əslində şaxəli bir məsələdir. Müxtəlifliyi və dözümlülüyü təşviq edən təhsil və təlim proqramları məktəblərdə, eləcə də ali təhsil müəssisələrində yaradılmalıdır. Həmçinin media vasitələri də insan hüquqlarının təşviqi və qorunması, etimadın qurulması, barışıq, mədəniyyətlərarası və dinlərarası dialoq və harmoniyanın təşviqində müsbət rol oynaya bilər.

“Parlamentarilər dözümsüzlük və nifrət dolu çıxışlara qarşı mübarizədə əsas rol oynayır. Parlamentarilər və ya siyasi liderlər, ilk növbədə, özləri təhqiredici, ekstremist və ayrı-seçkiliyi təşviq edən ritorikadan uzaq durmalı və belə çıxışlar etməkdən çəkinməlidirlər. Cəmiyyətdə dözümlülük, qarşılıqlı hörmət, anlayışın təbliğinə dair bir mesajın ötürülməsinə əmin olmalıyıq. Parlamentarilər mədəni müxtəlifliyin dəyər olduğu bir iqlimin təşviq edilməsi üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər”, - deyə Ü.Ağayeva bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.