SİYASƏT
Ulyanovsk şəhərindəki Heydər Əliyev adına 78 nömrəli orta məktəbdə “son zəng” çalınıb
Bakı, 24 may, AZƏRTAC
Ulyanovsk şəhərindəki Heydər Əliyev adına 78 nömrəli orta məktəbdə “son zəng” çalınıb.
AZƏRTAC xəbər verir ki, bayram tədbirində Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyəti İctimai Təşkilatının (URAMMM) və Rusiyanın Azərbaycan Gənclər Təşkilatının yerli nümayəndəliyinin fəalları iştirak ediblər.
Tədbirdə çıxış edən URAMMM-in sədri İslam Hüseynov müəllimləri növbəti tədris ilinin başa çatması münasibətilə təbrik edib və məzunlara müraciətlə deyib: “Siz çətinliklərin öhdəsindən gəlibsiniz, kamilləşərək Vətəni sevməyi və milli mənsubiyyətindən, digər fərqli əlamətlərindən asılı olmayaraq ətrafdakı insanlara hörmətlə yanaşmağı öyrənibsiniz. Bizim 78 nömrəli məktəb millətlərarası münasibətlərin inkişafına diqqət yetirilməsi baxımından özünəməxsusdur. Əminəm ki, siz bütün xalqlara xeyirxah münasibətinizi həyatınız boyu davam etdirəcəksiniz. Buna görə sizin bütün müəllimlərinizə, xüsusilə direktorunuz Gennadi Tsaryova “Çox sağ olun” deyirəm”.
Rusiyanın Azərbaycan Gənclər Təşkilatının Ulyanovsk nümayəndəliyinin lideri Üzeyir Hüseynov da məzunlara və onların müəllimlərinə səmimi arzularını çatdırıb.
Məktəbin direktoru Gennadi Tsaryov rəhbərlik etdiyi təhsil ocağının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevini adını daşımasından qürur hissi duyduğunu bildirib. O, Azərbaycan diasporu ilə dostluq münasibətlərini çox yüksək qiymətləndirdiklərini əlavə edib.