SİYASƏT


Ulyanovskda Heydər Əliyevin xatirəsini ehtiramla yad edirlər

Moskva, 24 noyabr, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə Rusiyada birinci abidənin – Ulyanovskda ucaldılmış heykəlin açılışı günündən 11 il keçir.

AZƏRTAC xəbər verir ki, Ulyanovsk şəhərində görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi düz 11 il bundan əvvəl, 2009-cu il noyabrın 24-də təntənəli şəkildə açılıb. Azərbaycan ilə Rusiya arasında konstruktiv dostluq əlaqələrinin təməlinin qoyulmasında Heydər Əliyevin müstəsna xidmətləri mübahisəsiz faktdır.

Açılış mərasimində iki ölkənin prezidentləri iştirak edirdi. Yeri gəlmişkən, ən yeni tarixdə ilk dəfə idi ki, ali səviyyədə görüş Ulyanovsk şəhərində keçirilirdi. Elə həmin gün Volqa çayı üzərindən salınmış yeni avtomobil körpüsündə hərəkətin açılışı oldu. Bu körpünün layihəsi vaxtilə məhz Heydər Əliyevin israrlı təklifi ilə hazırlanmışdı.

Ulyanovsk Regional Azərbaycan Milli-Mədəni Muxtariyyətinin (URANKA) sədri İslam Hüseynov deyir: “Ulyanovsk şəhərinə ikinci körpünün lazım olmasını Heydər Əliyev bizim şəhər üçün faciəli günlərdə - 1983-cü ildə “Aleksandr Suvorov” teploxodunun qəzaya uğramasından dərhal sonra yəqin etmişdi. O vaxt qəzanın nəticələrinin aradan qaldırılması üzrə hökumət komissiyasının sədri olan Heydər Əliyev Ulyanovsk şəhərinin və onun sakinlərinin özünə gəlmələrinə kömək edirdi. Çox rəmzi faktdır ki, Prezident körpüsünü məhz Azərbaycan dövlətinin başçısı, dahi atasının işinin layiqli davamçısı İlham Əliyev açmışdı”.

Azərbaycan Prezidenti həmin mərasimdə emosiyalarını gizlətmədən deyirdi: “Bu, çox həssas məqamdır. Burada olmağım mənim qəlbimdə xüsusi duyğular oyadır. 20 ildən çox bundan əvvəl atam Ulyanovsk torpağında öz xidməti vəzifəsini yerinə yetirib, çətin anda insanlara kömək edib. Bu hadisə onun həyatında çox mühüm mərhələ idi. İndi isə mən buradayam. Bugünkü hadisələr xalqlarımızın qarşılıqlı münasibətlərinin hər iki tərəf üçün vacib olduğunu bir daha sübut edir”.

Heydər Əliyevin abidəsi şəhərin ən sıx məskunlaşmış və fəal inkişaf edən Zasviyajski rayonunda, onun adını daşıyan meydanda ucaldılıb. Heydər Əliyevin Ulyanovskdakı abidəsi Rusiya ərazisində bu qəbildən olan ilk monumentdir. Bu səbəbdən Ulyanovsk vilayəti hər bir azərbaycanlının qəlbində xüsusi yer tutur.

Bu abidə iki ölkə arasında münasibətlərin inkişafı üçün, Ulyanovsk vilayətindəki Azərbaycan diasporunun fəallığı üçün çox güclü impuls olub. 2014-cü ildə həmin meydanın yaxınlığında yerləşən 78 nömrəli məktəbə Heydər Əliyevin adı verilib. Ənənəyə görə hər dərs ilin əvvəlində və sonunda - məktəblərdə birinci və sonuncu zəngdən sonra şagirdlər bu abidəni ziyarət edir, onun önünə tər çiçəklər qoyurlar. Tədris ili ərzində millətlərarası dostluq dərsləri və digər analoji tədbirlər keçirilir. 78 nömrəli məktəbdə Azərbaycanın milli mədəniyyət muzeyi açılıb, burada Azərbaycan bazar günü məktəbi fəaliyyət göstərir.

2010-cu ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu məktəbin əsaslı təmiri üçün 20 milyon rubldan artıq vəsait ayırıb.

URANKA-nın təşkilatçılığı ilə hər il mini-futbol üzrə “Xalqlar Dostluğu” Kuboku keçirilir. Bu yarışlarda Rusiyanın müxtəlif regionlarından onlarca komanda iştirak edir. Başqa idman tədbirləri də təşkil olunur, onların hər biri millətlərarası xarakter daşıyır. URANKA-nın fəalları bir neçə uşaq bağçasına hamilik edirlər. Onlar hər il parlaq, məzmunlu mədəni layihələr həyata keçiriblər – ümumşəhər miqyaslı Novruz bayramı, Müslüm Maqomayevin xatirə gecələri, “Göygöl” ansamblının, “Dərviş teatrı”nın qastrolları və s.

İslam Hüseynov deyir: “O günlərdə baş vermiş hadisələr bizi hələ də ruhlandırır. Ümidvarıq ki, Azərbaycan və Rusiya xalqları arasında dostluq münasibətlərinin qurulması üçün hələ uzun müddət ruhlanacağıq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.