SİYASƏT
Umar Keyta: “Bakı Prosesi” böyük əhəmiyyət daşıyır
Paris, 10 may, AZƏRTAC
Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu böyük bir platformadır. Bu Forum təkcə siyasətçiləri deyil, sosial, iqtisadi, mədəniyyət, elm, təhsil sahələrini təmsil edən aparıcı şəxsləri bir araya gətirir. Belə bir kontingentlə aktual problemləri daha ətraflı müzakirə etmək olur.
Bu fikirləri Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş, Malinin UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Umar Keyta AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, mədəniyyətlərarası, eləcə də dinlərarası dialoq dünya dialoqu deməkdir. Bu gün bütün cəmiyyətlər üçün ən vacib məsələlərdəndir.
“Forumun, eləcə də “Bakı Prosesi”nin konsepsiyası böyük əhəmiyyət daşıyır. “Bakı Prosesi”ni davam etdirməliyik, bütün dünyanın dialoqa, tolerantlıq dialoquna ehtiyacı var. Mədəniyyətlərimizi bölüşməliyik və bu Forum mədəniyyətlərin bölüşməsini təşviq edir. Biz Azərbaycanda əsl multikulturalizmin şahidi olduq”, - deyə səfir U.Keyta vurğulayıb.
Həmçinin o, Bakıda insanların istiqanlı, qonaqpərvər olduğunu, paytaxtımızın gözəl olduğunu vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris