CƏMİYYƏT
Umayra Tağıyeva: Axşam və gecəyə doğru külək səngiyəcək
Bakı, 27 aprel, AZƏRTAC
Bu gün müşahidə edilən küləkli hava şəraiti Bakı üçün səciyyəvidir. Qara dənizdən Zaqafqaziyaya doğru uzanan antisiklon küləyin güclənməsinə səbəb olub. Hazırda Bakıda və Abşeron yarımadasında şimal küləyinin saniyədə 20-27 metrədək güclənməsi müşahidə edilir. Neft Daşları meteoroloji stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 2,5 metrdir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bu gün paytaxtda müşahidə olunan küləkli hava şəraitini şərh edərkən bildirib.
O qeyd edib ki, avtomatik monitorinq stansiyalardan əldə olunan məlumata görə küləkli hava şəraiti nəticəsində havada tozun miqdarı normadan 1,8 dəfə artıqdır. Gün ərzində küləkli hava şəraiti davam etsə də, axşam və gecəyə doğru külək səngiyəcək, bu da havada olan tozun azalmasına səbəb olacaq.
Xidmət rəsmisinin sözlərinə görə yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında sürəti saniyədə 8-13, arabir 15-18 metr olan şimal istiqamətli küləyin üstünlüyü gözlənilir.