CƏMİYYƏT
Umayra Tağıyeva: Bakı şəhərində atmosfer havasının çirklənmə səviyyəsi ötən illərlə müqayisədə azalıb
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrda Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Səbail inzibati rayonları ərazisində, o cümlədən Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə atmosfer havasının keyfiyyətinin monitorinqi həyata keçirilib. Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, kükürd qazı və dispers toz hissəciklərinin qatılıqları sanitar norma daxilində qeydə alınıb. Sentyabrın birinci ongünlüyündə hidrogen sulfidin yol verilən qatılıq həddindən 2.7, dəm qazının 1.1 dəfə, ikinci ongünlükdə isə hidrogen sulfidin yol verilən qatılıq həddindən 2.5, dəm qazının isə 1.1 dəfə yüksək olduğu müəyyən edilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
U.Tağıyevanın sözlərinə görə, Bakı şəhərində fəaliyyət göstərən avtomatik monitorinq stansiyalarının və eləcə də, günün müxtəlif saatlarında keçirilən monitorinqlərin nəticələri atmosfer havasının çirklənmə səviyyəsinin ötən illərlə müqayisədə yetərincə azaldığını göstərir. Belə ki, azot, karbon və kükürd oksidlərinin, eləcə də, PM10 dispers tozun və karbohidrogenlərin miqdarı xeyli azalıb. Mütəxəssislərin rəyinə görə, atmosfer havasında çirkləndirici qaz qarışıqlarının sanitar normaya uyğun olmasına səbəb son zamanlar Bakı şəhərində fəaliyyət göstərən müəssisələrin ekoloji normalara riayət etmələri, nəqliyyat vasitələrinin hərəkətinin bir qədər azalması və bəzi ictimai-iaşə obyektlərinin fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı olub.
Xidmət rəisi bildirib ki, bu ilin sentyabr ayında transsərhəd gətirmələrin olmaması səbəbindən dispers tozun miqdarı norma həddindən aşağı qeydə alınıb. Eləcə də, şimal, şimal-qərb küləklərinin üstünlüyü çirkləndirici qaz qarışıqlarının intensiv səpələnməsinə şərait yaradıb və havanın keyfiyyəti qənaətbəxş olub.